Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Üzvlərarası boulinq yarışması” keçirilib. Yarışmada Birliyə üzv olan sığorta şirkətlərindən “A-Qroup Sığorta”, “Atəşgah Sığorta”, “AtaSığorta”, “AzSığorta”, “Azərbaycan Sənaye Sığorta”, “AXA MBASK Sığorta”, “İpək Yolu Sığorta”, “Qala Sığorta”, “Qala Həyat Sığorta”, “Meqa Sığorta”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətləri, sığorta vasitəçilərindən “As Prof Sığorta Agentliyi” və “Zaman Sığorta və Təkrarsığorta Brokeri”, həmçinin, İcbari Sığorta Bürosunun komandaları iştirak edib.
“Boulinq yarışması”nın açılışında nitq söyləyən Birliyin sədri Mustafa Abbasbəyli bildirib ki, yarışmanın keçirilməsində məqsəd sığorta bazarının peşəkar iştirakçılarının asudə vaxtlarını birlikdə keçirməklə onlar arasında səmimi münasibətlərin formalaşdırılması, eyni zamanda, yarışma əsnasında komanda ruhunun gücləndirilməsi və mehriban rəqabət mühitinin yaradılmasından ibarətdir. Daha sonra hər bir komandaya uğurlar arzu edilərək yarışmaya start verilib.
Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, 15 komandadan ən çox xal toplayan 5- komanda: “AXA MBASK Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta” və “Zaman Sığorta və Təkrarsığorta Brokeri”nin komandaları ikinci mərhələyə keçib. Final qarşılaşmasında yarışın qalibləri müəyyən olunub. Beləliklə, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi tərəfindən təşkil olunan “Üzvlərarası boulinq yarışması”nda “AXA MBASK Sığorta” şirkəti I yer, “Meqa Sığorta” şirkəti II yer və “PAŞA Həyat Sığorta” şirkəti isə III yerə layiq görülüblər. Birinci mərhələ üzrə fərdi qaydada ən çox xalı toplayan isə “Zaman Sığorta və Təkrarsığorta Brokeri”nin əməkdaşı Zahid Əliyev olub. Sonda qaliblər mükafatlandırılıb və onlara yarışın kubokları təqdim olunub.