Azərbaycan Mərkəzi Bankının yaranma tarixi | Banco.az

Azərbaycan Mərkəzi Bankının yaranma tarixi

Bankın tarixi

XIX əsrin ortalarınadək, dünyanın digər dövlətlərində olduğu kimi Azərbaycan ərazisində də sözün müasir anlamında dövlətin mərkəzi bank tənzimləməsi orqanı yox idi. Yalnız Azərbaycanın kapitalizmə qədəm qoyması ilə əlaqədar bank-maliyyə sferasının tənzimləməsinin ilk mexanizmləri də formalaşmağa başladı. Belə ki, 1860-cı ildə Rusiya imperiyasının Dövlət Bankı təsis edildi və artıq bir il sonra onun Bakı bölməsi açıldı. Bölmənin əsas məqsədi əmtəə dövriyyəsini genişləndirməkdən və kredit sisteminin inkişafını sürətləndirməkdən ibarət idi. Kapitalist münasibətlərinin sürətli inkişafının nəticəsi idi ki, artıq XIX əsrin sonunda Azərbaycan Qafqazın digər regionları ilə müqayisədə kapital quruluşuna xas olan ən inkişaf etmiş - özündə 200-ə yaxın kredit idarəsini birləşdirən kredit-bank sisteminə malik idi.

1918-ci il mayın 28-də müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar 1919-cu il martın 7-də Azərbaycan Respublikası hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankı təşkil edildi. Elə həmin il sentyabrın 16-da Azərbaycan Respublikasının parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixində isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən bank fəaliyyətə başladı. Dövlət Bankının mərkəzi aparatının binası Bakının Qorçekovski (indi H.Z.Tağıyev) küçəsində yerləşirdi. 1919-cu il noyabrın 9-da Dövlət Bankının Gəncə bölməsi açılmışdır. Sonralar digər regionlarda da Dövlət Bankının bölmələri təsis edildi.

Azərbaycan Dövlət Bankı əsas məqsədi pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmlətməkdən ibarət olan hökumət idarəsi idi. Dövlət Bankının nizamnamə (əsas) kapitalı 50000000 rubl idi. Nəzərdə tutulurdu ki, hər il bu kapital illik gəlirin 10%-i həcmində vəsait hesabına artırılacaq. Ehtiyat kapitalı isə 10000000 rubl məbləğinə çatana qədər illik gəlirin 20%-i məbləğində, sonra isə 10%-i məbləğində vəsait hesabına formalaşdırılmalı idi. Ehtiyat kapitalı Bankın əməliyyatları üzrə yaranmış ziyanın örtülməsi üçün yaradılmalı idi. Bu kapital da az olduqda əsas kapitaldan istifadə edilməli idi. Öz növbəsində əsas kapitalın çatışmayan hissəsi dövlət büdcəsi hesabına örtülməli idi. Eyni zamanda Bankın saxlanması üçün gəlirin kifayət olmadığı təqdirdə xüsusi ehtiyat fondunun yaradılması nəzərdə tutulurdu. Həmin fond illik gəlirin 5%-i məbləğində ödəmələr hesabına formalaşdırılmalı idi.

Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə Demokratik Respublika dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdir. Milli valyutanın dönərliliyini təmin etmək məqsədi ilə hökumət Bakı bonu ilə digər valyutaların mübadilə məzənnəsini müəyyən etmişdir.

"Banklar bankı" olan Azərbaycan Dövlət Bankı ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi. Ümumiyyətlə, Demokratik Respublika dövründə Azərbaycanın pul-kredit sistemi xeyli inkişaf etmişdi.

Lakin 1920-ci il 28 aprel tarixində bolşevik Rusiyasının Azərbaycanı istila etməsi nəticəsində dövlətin müstəqilliyi formal olaraq saxlanılsa da (Azərbaycan Sovet Sosialist Respublikası adı ilə), ölkənin mövcud pul-kredit sistemi məhv edildi. Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli Əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı. Beləliklə də bank işi dövlətin müstəsna inhisarına keçdi.

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradıldı və Azərbaycanda dövlət inhisarında olan bank sistemi də mərkəzdən idarə olunmağa başlandı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə "suveren" respublika kimi daxil oldu və 1991-ci ilin sonlarına kimi mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərdi.

1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil Azərbaycan Respublikasının bank sisteminin, o cümlədən Mərkəzi Bankın yaradılması üçün də hüquqi baza yaradıldı. Belə ki, "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsi bütövlükdə məhz bu məsələləri əhatə etdi. Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etməklə yanaşı həmin maddə Mərkəzi Bankın da statusunu və səlahiyyətlərini müəyyənləşdirdi. Belə ki, Mərkəzi Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edildi.

Eyni zamanda "Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının 1991-ci il 8 oktyabr tarixli Qanununa əsasən büdcə-maliyyə sisteminin tənzimi, habelə mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən olunurdu. Məhz bu Qanuna əsasən, habelə yuxarıda qeyd edilən Konstitusiya Qanununa uyğun olaraq "Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradıldı və 1992-ci il 7 avqust tarixdə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun qəbul olundu. 1992-ci il 1 dekabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının Mərkəzi Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul etdi. Sözügedən Qanunda Mərkəzi Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan və ehtiyat sistemi rolunu yerinə yetirən dövlətin mərkəzi bankı kimi müəyyən edildi. Eyni zamanda Mərkəzi Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verildi.

Böyük siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il 12 noyabr tarixində keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin II bəndində pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Mərkəzi Banka mənsub olması bir daha təsbit olunmuşdur. Eyni zamanda Konstitusiyada Mərkəzi Bankın dövlətin müstəsna mülkiyyətində olması da müəyyən edilmişdir. Yeni Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasından xəbər verirdi. Məhz buna görə də bütün sahələrdə olduğu kimi bank qanunvericiliyi sahəsində də yeni quruculuq işlərinə başlanıldı.

Belə ki, artıq 1996-cı il 10 iyun tarixində "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", 14 iyun tarixində isə "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Qanunlar yeni redaksiyada qəbul edildi.

Bank sisteminin və onun normativ hüquqi bazasının inkişaf etdirilməsi və bank sistemində aparılan ardıcıl islahatların daha da dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli Fərmanı ilə bank qanunlarının yenidən işlənməsi tapşırığı verilmişdir. Məhz bu dövlət qayğısının nəticəsi kimi "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunları 2004-cü ildə yeni redaksiyada qəbul edilmişdir.

10 dekabr 2004-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu Mərkəzi Bankın hüquqi vəziyyətini, onun məqsəd və funksiyalarını, dövlət qurumları arasında yerini və rolunu daha dəqiq müəyyən etmiş, Mərkəzi Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün müvafiq mexanizmlər nəzərdə tutmuşdur.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanmış və ən mütərəqqi qanunvericilik bazası hesab olunur.

Yeni qanun Mərkəzi Bankın bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün imkan yaratmışdır. Pul və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin ödəniş sisteminin tənzimlənməsi və inkişafı, bank nəzarətinin həyata keçirilməsi, dövlətin beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi - bunlar Mərkəzi Bankın mühüm funksiyalarının yalnız bir hissəsidir.

Yeni bank qanunları ilə təsbit olunmuş bank nəzarətinin prinsipləri, forma və metodları Mərkəzi Bankın bu funksiyasının beynəlxalq standartlara, o cümlədən bank nəzarəti üzrə Bazel prinsiplərinə uyğun həyata keçirilməsinə və ölkənin bank sisteminin etibarlılığının artırılmasına, əmanətçilərin və kreditorların maraqlarının daha səmərəli qorunmasına zəmin yaratmışdır. Azərbaycanın bank qanunvericiliyi tarixində ilk dəfə olaraq inzibatçıların mənəvi keyfiyyətləri ilə bağlı tələblər önə çəkilmişdir. Bu da inzibatçıların "məqbul və lazımi keyfiyyətlərə malik şəxs" və "vətəndaş qüsursuzluğu" göstəricilərinə malik olmasını və bank sistemi üçün daha layiqli namizədlərin seçilməsini şərtləndirir.

Lakin görülən işləri heç də tamamlanmış hesab etmək olmaz, çünki böyük ümid və uğurlarla irəliləyən Azərbaycanın bank sektorunda da islahatlar hələ davam etdirilir. Qarşıda bank sisteminin inkişafı naminə yeni-yeni tədbirlər və Dövlət Proqramlarının həyata keçirilıməsi planları durur.

Bankın funksiyaları

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Mərkəzi Bankın funksiyalarına aşağıdakılar aiddir:

1. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;

Ən sərfəli kredit üçün müraciət et

2. nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

3. manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

4. qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

5. sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

6. qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;

7. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;

8. ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

9. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.

Bankın hüquqi statusu

Mərkəzi Bank dövlət orqanıdır, Azərbaycan Respublikasının mərkəzi bankıdır.

Konstitusiya və qanunlarla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman onun fəaliyyətinə qanuna zidd təsir və müdaxilə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin ("Pul vahidi") II bəndində deyilir: "Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir". Konstitusiyaya əsasən Mərkəzi Bank dövlət hakimiyyətlərinin (qanunvericilik, icra, məhkəmə) heç birinə aid deyil. Bununla belə Mərkəzi Bank haqqında müddəanın Konstitusiyanın "Dövlətin əsasları" adlanan II fəslində verilməsi, onun xüsusi statuslu dövlət strukturu olmasına dəlalət edir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda Mərkəzi Bankın digər dövlət orqanları ilə qarşılıqlı münasibətləri təsbit edilərək onun dövlətin bankı və maliyyə agenti rolunda hüquq və vəzifələri müəyyən edilmiş, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinin, o cümlədən büdcə-vergi, qiymət-tarif, daxili və xarici borcun həcmi və idarə edilməsi məsələlərinin müzakirəsində onun iştirakı nəzərdə tutulmuşdur. Bu hüquqi norma dövlətin iqtisadi siyasətini həyata keçirən orqanlar arasında fəaliyyətin əlaqələndirilməsinə və mövcud imkanlardan daha səmərəli istifadə olunmasına xidmət edir.

10 dekabr 2004-cü il tarixli yeni redaksiyada qəbul edilmiş Qanunda dövlət rəhbərliyi və ictimaiyyət qarşısında hesabatlıq sistemi vasitəsilə Mərkəzi Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün effektiv mexanizmlər müəyyən edilmişdir. Belə ki, Qanuna müvafiq olaraq Mərkəzi Bankın fəaliyyəti haqqında müvafiq dövlət orqanına hesabatın təqdim edilməsi, həmçinin həyata keçirilən siyasət və fəaliyyətinin nəticələri haqqında ictimaiyyətə məlumatların açıqlanması tələbi onun fəaliyyətinin şəffaflığını təmin edir. Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikasının Prezidentinə hesabat verir.

Yeni qanunda Mərkəzi Bankın fəaliyyətinin şəffaflığını təmin edən əsaslardan biri də Bankın idarəetmə sistemində korporativ idarəetmə standartlarının tətbiqidir.

Belə ki, Mərkəzi Bankın təşkilati strukturunun, idarəetmə orqanları arasında səlahiyyət bölgüsünün, daxili nəzarətin forma və əsas prinsiplərinin bilavasitə qanunda təsbit edilməsi, Bankın idarəetməsində maraqlar münaqişəsini aradan qaldıran məsələlərin qanunla tənzimlənməsi Mərkəzi Bankın fəaliyyətinin tam şəffaf olmasına şərait yaradır.

Mərkəzi Bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir, Qanunda istisna olunan hallardan başqa onun razılığı olmadan kapitalının və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Mərkəzi Bankın nizamnamə kapitalı 50 milyard manatdır. Mərkəzi Bank müflis elan oluna bilməz.

Mərkəzi Bankın idarəetmə funksiyalarını İdarə Heyəti və İdarə Heyətinin sədri həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Mərkəzi Bankın İdarə Heyətinin sədrini Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Mərkəzi Bankın auditorlarını Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Yeni qanun Mərkəzi Bankın bütün funksional fəaliyyəti sahələrinə nüfuz etmək, tənzimlədiyi sferalara beynəlxalq təcrübəyə uyğun səmərəli nəzarəti həyata keçirmək imkanlarını nəzərdə tutur.

Bankın beynəlxalq əlaqələri

Mərkəzi Bankın beynəlxalq əlaqələri ölkənin maliyyə-texniki ehtiyacları baxımından beynəlxalq maliyyə-kredit institutları, xarici mərkəzi banklar, donor təşkilatlarla zəruri əməkdaşlığın inkişaf etdirilməsi, Mərkəzi Bankın beynəlxalq əlaqələrinin genişləndirilməsi və beynəlxalq maliyyə çevrələrində ölkəmizin və eləcə də Mərkəzi Bankın müsbət imicinin möhkəmləndirilməsi, Mərkəzi Bankda həyata keçirilən islahatlara xarici texniki yardımın təmin olunmasına yönəldilmişdir. Bu əməkdaşlıq 3 istiqamətdə həyata keçirilir:

1. Beynəlxalq maliyyə-kredit institutları ilə əməkdaşlıq

Mərkəzi Bank beynəlxalq maliyyə-kredit institutları ilə ölkənin inkişafına maliyyə-kredit resurslarının cəlb olunması, Mərkəzi Bankın və bütövlükdə bank sisteminin inkişafı istiqamətində intensiv əməkdaşlıq edir.

Beynəlxalq Valyuta Fondu (BVF) ilə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafın Təmin Edilməsinə Yönəldilmiş Kredit Mexanizmi (PRGF) proqramı çərçivəsində əməkdaşlıq həyata keçirilir. Bundan əlavə BVF-nin ekspertləri Mərkəzi Banka Kart Prosessinq Mərkəzinin yaradılması, Milli Ödəniş Sisteminin inkişafı üzrə Dövlət Proqramının hazırlanması, eləcə də digər istiqamətlərdə texniki yardım göstərmişlər. "Banklar haqqında" və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunlarının beynəlxalq standartlara tam uyğun olaraq hazırlanması sahəsində BVF ilə əməkdaşlıq edilmişdir.

Bankın 2003-2005-ci illərdə Azərbaycan üzrə ölkə Strategiyasında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Dünya Bankı ilə fəal əməkdaşlıq edilmişdir.

Azərbaycanın maliyyə sektorunda həyata keçirilən islahatlara yardım göstərilməsində Dünya Bankının Maliyyə sektoruna texniki yardım layihəsi mühüm yer tutur. Bu layihə çərçivəsində respublikada mütərəqqi texnologiya əsasında ödəniş sistemlərinin inkişaf etdirilməsi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi, Kart Prosessinq Mərkəzi, Mərkəzləşdirilmiş Kredit Reyestri və s. mühüm layihələr həyata keçirilmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda maliyyə sektorunun güclənməsi istiqamətində aktiv fəaliyyət göstərir. AYİB-in maliyyə sektorunda fəaliyyəti banklara kredit xətlərinin təmin edilməsi, Mikromaliyyələşdirmə Bankının kapitalında və özəl bankların kapitalında iştirak, eləcə də dövlət banklarının özəlləşdirilməsi istiqamətində həyata keçirilir.

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda 2004-cü ildə nümayəndiliyinin açılması bu qurumla əməkdaşlığın daha aktiv aparılmasına imkan vermişdir. 2004-cü il ərzində AİB-in ekspertləri ilə "Yaşayış mənzillərinin maliyyələşdirilməsi" layihəsinin hazırlanması üzrə müzakirələr aparılmışdır.

2. Xarici Mərkəzi banklarla əməkdaşlıq

Bank sektorunda dünyada mövcud olan qabaqcıl praktika və texnologiyalar ilə tanış olmaq, bu standartların və texnologiyaların Azərbaycanın bank sistemində tətbiqinə nail olmaq, eləcə də xarici ölkələrin Mərkəzi Bankları arasında Azərbaycan Mərkəzi Bankının özünün nüfuzlu yerini müəyyənləşdirmək məqsədilə inkişaf etmiş ölkələrin Mərkəzi Bankları ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Bu istiqamətdə Almaniya Bundesbankı, Polşa Mərkəzi Bankı, İsveçrə Mərkəzi Bankı, Çexiya Mərkəzi Bankı, Türkiyə Mərkəzi Bankı, Qazaxıstan Mərkəzi Bankı, Fransa Mərkəzi Bankı ilə səmərəli əməkdaşlıq əlaqələri həyata keçirilir.

3. Digər xarici təşkilatlarla əməkdaşlıq

Mərkəzi Bankın digər xarici təşkilatlarla beynəlxalq əlaqələri, əsasən, bankda həyata keçirilən islahatlara texniki yardım dəstəyinin təmin edilməsinə yönəldilmişdir. Bu məqsədlə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Almaniya İnkişaf Bankı (KfW), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə sıx əməkdaşlıq edilmişdir.