Azərbaycan Mərkəzi Bankında "Açıq qapı" günü keçirilib | Banco.az

Azərbaycan Mərkəzi Bankında "Açıq qapı" günü keçirilib

"Biz KİV-in fəaliyyətini diqqətlə izləyirik və əminliklə deyə bilərik ki, siz olduqca mühüm missiyanı yerinə yetirirsiniz. Biz istəyirik ki, Mərkəzi Bankın fəaliyyəti haqqında ictimaiyyətə daha dolğun və hərtərəfli şəkildə məlumat verilsin. Bu səbəbdən də mətbuatla daha sıx əməkdaşlıq etmək bizim üçün olduqca məqsədəuyğundur", deyə Mərkəzi Bankın sədr müavini Aftandil Babayev qeyd edib.

Bundan əlavə o bildirib ki, "Açıq qapı" gününün təşkil edilməsində başlıca məqsəd KİV nümayəndələrinin Mərkəzi Bankın struktur bölmələrinin işi ilə tanışlığını təmin etməkdir.

"Biz Mərkəzi Bankın fəaliyyətinin şəffaflığının təmin edilməsinə xüsusi diqqət ayırırıq", deyə A.Babayev qeyd edib.

Bununla yanaşı, o, öz çıxışında interaktiv sorğulara diqqət çəkib. Məlumat üçün qeyd edək ki, Mərkəzi Bankın saytında keçirilən interaktiv sorğular ictimaiyyət nümayəndələrinin istəklərini müəyyən etməyə imkan verir.

"Qloballaşma dövründə zamanın diktəsindən geri qalmaq qəbuledilməzdir. Bu səbəbdən də biz dünya banklarının nümayiş etdirdiyi ən yüksək göstəricilərə nail olmaq üçün əlimizdən gələni əsirgəmirik.  Biz xarici maliyyə qurumlarının təcrübəsini fəal şəkildə öyrənirik.  Sevindirici haldır ki, Azərbaycan Mərkəzi Bankının uğurları ona digər ölkələrin banklarına texniki xidmətlər göstərməyə imkan verir", deyə A.Babayev vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda o, əhalinin maliyyə qurumlarının fəaliyyəti sahəsində maarifləndirilməsi məqsədi daşıyan "Maliyyə savadlılığı" layihəsinin reallaşdırılması məsələsinə də aydınlıq gətirib.

"Sözügedən layihə maliyyə qurumları üçün də olduqca vacibdir. Maliyyə qurumlarının nümayəndələri kreditləşmə ilə bağlı riskləri minimallaşdıra bilərlər. Eyni zamanda, bununla, maliyyə böhranının qarşısı alına bilər", deyə o qeyd edib.

Daha sonra jurnalistlər AR Mərkəzi Bankının bölmələrinin işi ilə tanış olublar.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et