Azərbaycan investisiya vektorunu Avropadan Asiyaya dəyişir | Banco.az

Azərbaycan investisiya vektorunu Avropadan Asiyaya dəyişir

Dövlət Neft Fondunun xəttilə Asiyaya yatrılan sərmayələrin həcmində böyük artım qeydə alınır.

Qərb ölkələrində son vəziyyətin təhlili burada hələ də iqtisadi jurumun düzəlmədiyini göstərir. Əksinə, Rusiya ilə qarşılıqlı sanksiyalar fonunda Avropa iqtisadiyyatının cari il ərzində geriləməsi gözlənir. Bu isə Avropaya sərmayə yatıran ölkələrin, o jümlədən Azərbaycanın investisiya siyasətinə təsirsiz ötüşmür. Hazırda Cənubi-Şərqi Asiya ölkələrinin investisiya cəlbediciliyi sürətlə artır. Digər investorlar kimi artıq Azərbaycan da bu tendensiyaları nəzərə alır və investisiya vektorunun istiqamətini tədricən dəyişir. Artıq Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelində səhmlərin payının artırılması fonunda Asiyada daşınmaz əmlak bazarına sərmayə yatırır. Məlumdur ki, bu il Dövlət Neft Fondu Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən "Payn Avenyu A qülləsi” ofis kompleksini satın alıb. Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna əsaslanır. "Payn Avenyu A qülləsi” Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Bu qəbildən olan sərmayələrin miqyasının daha da artırılması gözlənir.

Əslində, son 10 il ərzində dünya iqtisadiyyatında baş verən proseslər, Asiya ölkələrinin investisiya yatırmaq baxımından sərfəli istiqamət olduğunu göstərirdi. Dünya maliyyə böhranı isə bu qənaəti daha da möhkəmləndirdi. Maliyyə böhranı nəticəsində Avropa və Şimali Amerika iqtisadiyyatlarında kəskin enmə baş versə də, Asiya ölkələrinin əksəriyyətində əksinə iqtisadi artım müşahidə olundu. B proses indi də davam edir. Ümumiyyətlə, beynəlxalq investisiyalarla məşğul olan mütəxəssislərin fikrincə, hər bir ölkənin investisiya baxımından sərfəliliyi onun iqtisadiyyatının "doyma nöqtəsi”nə çatıb-çatmamasından asılıdır. Bu nöqtəyə çatdıqdan sonra ölkənin iqtisadi artım potensialı qurtarır. Avropada iqtisadiyyatın "doyma nöqtəsi” demək olar ki, keçildiyinə görə, təqribən bu vəziyyət yaranıb və ona görə də investisiyaların gəlirliyi minimum səviyyədədir. Yaponiyanı çıxmaq şərtilə Asiya ölkələrində isə bu nöqtəyə çatmağa hələ çox var. Bunun üçün ölkə iqtisadiyyatı hələ uzun müddət inkişaf etməli, ölkəyə külli miqdarda investisiyalar yatırılmalıdır. Bütün bunlar Azərbaycan tərəfindən də nəzərə alınır.

Ən sərfəli kredit üçün müraciət et

Bunun nəticəsidir ki, Dövlət Neft Fondu Asiya və Sakit Okeanı regionuna investisiyalarını artırıb. İlin əvvəlindən Asiya və Sakit Okean regionuna investisiyaların xüsusi çəkisi 9,47%-dən 12,33%-ə yüksəlib. Ötən ilin sonuna olan məlumata əsasən, Fond investisiya portfelinin 56,82%-ni Avropada, 19,31%-ni Şimali Amerikada, 9,47%-ni Asiya və Sakit Okean regionunda, 5,03%-ni Cənubi Amerikada, 1,5%-ni Yaxın Şərqdə, 0,01%-ni Afrikada, 7,86%-ni beynlxalq maliyyə təşkilatlarında yatırıb. Cari ilin ilk yarısına olan məlumata görə isə, investisiya portfelinin 55,18%-i Avropada, 19,56%-i Şimali Amerikada, 12,13%-i Asiya və Sakit Okean regionunda, 5,03%-ni Cənubi Amerikada, 1,05%-i Yaxın Şərqdə, 0,01%-ni Afrikada, 6,84%-ni beynəlxalq maliyyə təşkilatlarında yerləşdirilib. Göründüyü kimi, Fondun investisiyalarda Avropanın xüsusi çəkisi 1,64%, Yaxın Şərqin 0,45%, beynəlxalq təşkilatların 1,02% azalıb, Asiya və Sakit Okean regionunun 2,66% artıb. Şimali Amerikada və Afrikada investisiyaların xüsusi çəkisi dəyişməyib. Bundan əvvəl isə ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov bildirmişdi ki, gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanları dəyərləndiriləcək. Həmçinin Şahmar Mövsümov 2014-cü ildə Dövlət Neft Fondunun Çin milli valyutasına da sərmayə yatıracağını bildirmişdi. Bildirək ki, Dövlət Neft Fondu investisiyalarının 85%-dən çoxunu istiqrazlara yatırıb. Avropa Mərkəzi Bankının (ECB) deflyasiya təhlükəsini aradan qaldırmaq üçün təşviq proqramına başlaya biləcəyi barədə bəyanatlarından sonra avro bölgəsi dövlətlərinin istiqrazlarının faizləri tarixin ən aşağı səviyyəsinə düşüb. Finlandiya, Hollandiya, Belçika və Avstriyanın iki illik istiqrazlarının faizləri ilk dəfə mənfiyə keçərək rekord səviyyədə aşağı enib. ABŞ-ın istiqrazlarının faizi də 15 ayın ən aşağı səviyyəsinə geriləyib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətləri proqramına əsasən Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 27 milyard manata bərabər götürülür. Artıq bu sərmayənin əsas istiqamətii isə Asiya olacaq. Qeyd edək ki, qarşıdakı illərdə Cənub-Şərqi Asiya ölkələrində ümumi daxili məhsulun orta illik artımı təqribən 7% ətrafında proqnozlaşdırılır ki, bu da inkişaf etmiş ölkələrin proqnozlarından 5% artıqdır. Bu da investisiya üçün Asiyanı daha cəlbedici edir.

mövqe.az

Ən sərfəli krediti almaq üçün müraciət et