Vüqar Bayramov: "Mərkəzi Bank kəskin devalvasiyaya getməyə bilərdi".
Banco.az iqtisadçı-ekspert Vüqar Bayramovun "Publika.az" a verdiyi müsahibəni təqdim edir.
- Vüqar bəy, bəzi ekspertlərin rəylərinə görə, Azərbaycan fevral devalvasiyasından da yayına bilərdi. Bu, doğrudurmu?
- Devalvasiyadan qaçmaq çox çətin idi. Mərkəzi Bank kəskin devalvasiyaya getməyə bilərdi. Bizdə olan məlumatlara görə, Mərkəzi Bank kəskin devalvasiyaya getməyi düşünmürmüş də. Sadəcə, bu ona görə baş verdi ki, valyuta bazarına müdaxilələr oldu. Yalnız bir gün ərzində valyuta bazarında yarım milyard dollar vəsait alındı. Adi vətəndaş yarım milyard dollar vəsait ala bilməz. Bunun üçün vətəndaş nə qədər növbəyə dayanmalıdır. Möhtəkirliyin qarşısını almaq üçün Mərkəzi Bank MDB ölkələrində olan bir neçə qaydanı tətbiq etməli idi. Daha məqsədəuyğun olardı ki, valyuta satışı şəxsiyyət vəsiqəsi ilə reallaşdırılsın. Məsələn, bir nəfər banka gəlib yarım milyon manatlıq valyuta alır. Valyutanın alışı şəxsiyyət vəsiqəsi ilə reallaşdırıldıqda həmin adam bunu edə bilmir, qorxur. İkincisi, gündəlik limitlər tətbiq olunmalı idi. Gündəlik 10 min dollar və yaxud 20 min dollarlıq limit qoyulmalı idi. Əgər Mərkəzi Bank bunları tətbiq etmiş olsaydı, möhtəkirliyin qarşısını alacaqdı. Amma bütün hallarda manatın dollara nisbətən məzənnəsinin ucuzlaşması qaçılmaz idi. Çünki manat kəskin möhkəmlənmişdi. Bu da qeyri-neft sektorunun inkişafını əngəlləyirdi. Düzdür, arqument gətirilə bilər ki, qeyri-neft sektorunun ixracda payı azdır. Bu arqument manatın məzənnəsi baxımından ona görə qəbul edilmir ki, məqsəd az payı artırmaqdır. Qeyri-neft sektorunun inkişafı baxımından yumşaq devalvasiyaya gedilməsinə ehtiyac var idi. Təsəvvür edin, Azərbaycan 100 manatlıq məhsul istehsal edirdi. Əvvəlki məzənnə ilə həmin məhsul dünya bazarına 125 dollara çıxarılırdı. Hazırda isə 100 manatlıq məhsulun dəyəri 100 dollardan azdır. Bu da rəqabət aparmağa imkan verir. Ona görə manatın məzənnəsinin möhkəm qalması iqtisadi baxımdan arzu olunan deyildi.
- Yəni devalvasiya bu qədər vacib idi?
- Üzən valyuta rejiminə keçidi 2010-cu ildə reallaşdırmağa ehtiyac vardı. 2010-cu ilin iyun ayında, neftin dünya bazar qiymətinin yüksək olduğu zamanda Mərkəzi Banka yumşaq devalvasiyaya getməyi təklif etmişdik. O zaman Mərkəzi Bank manatın məzənnəsini mərhələli yumşaltsaydı, artıq 2015-ci ildə kəskin devalvasiyaya ehtiyac olmayacaqdı. Amma Mərkəzi Bank manatın möhkəm məzənnəsini qoruyub saxladı. Artıq 2015-ci ildə devalvasiya iqtisadi baxımdan qaçılmaz oldu.
- Manatın məzənnəsinin möhkəm olması kimə sərf edirdi - hökumətə, yoxsa əhaliyə?
- İxracla məşğul olan sahibkara sərf etmirdi. Məhsulları baha çıxırdı. Amma idxalla məşğul olan sahibkara sərf edirdi. Çünki o halda qazanırdı. Nəzərə alsaq ki, Azərbaycanın idxalı 9 milyard dollardan çoxdur, həmin 9 milyard manata idxalı həyata keçirənlərə möhkəm valyuta sərfəli idi.
- Biz axı daha çox neft ixrac edirik...
- Qeyri-neft ixracatı pillə-pillə formalaşır. Məsələn, 2014-cü ildə Quba rayonunda fermerlər almaları çaya axıtdılar. Çünki Rusiyada devalvasiya baş verdi, manat isə həmin dövrdə möhkəm idi. Kiçik rəqəm kimi görsənsə də, 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,4 milyard dollar olub. 2014-cü ildə bu rəqəm manatın möhkəmlənməsi, rublun dəyərdən düşməsi nəticəsində 1,8 milyard dollara qədər azaldı. Əslində Mərkəzi Bank rublun məzənnəsi zəiflədiyi andan manatın yumşaq devalvasiyasına getməli idi ki, fermer təsərrüfatları itirməsin. Düzdür, ixracın strukturunda qeyri-neft sektorunun ixracatı aşağı rəqəmlə ifadə edilir. Lakin pioritet qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaqdırsa, biz çalışıb kiçik rəqəmi böyütməliyik. Bunun da yollarından biri monetar siyasətdir. Təbii, yeganə vasitə deyil. Amma bunsuz qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaq mümkün deyil.
- Bütün biznes dünyası, eləcə də ayrı-ayrı ölkələrin iqtisadiyyatları Amerika Mərkəzi Bankının federal uçot dərəcəsi ilə bağlı hansı qərarı verəcəyinə köklənib. Sizcə, bu toplantıdan nə gözlənilir?
- İş adamları arasında keçirilən sorğuda 78 faiz federal uçot stavkasının dəyişdiriləcəyini bildirib. Beləliklə, sorğular, proqnozlar FED-in uçot dərəcəsini dəyişdirəcəyini deməyə əsas verir. Amma yenə birmənalı fikir söyləmək olmur. Bir fakt var, dolların məzənnəsinin kəskin möhkəmlənməsi iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun deyil. Baxmayaraq, ABŞ-da işsizlik aşağı rəqəmlə ifadə edilir, iqtisadi artım tempini qoruyub saxlayıb. Dolların kəskin möhkəmlənməsi Amerikanın ixracatına mənfi təsir göstərir. Xüsusilə əsas rəqibi olan Çin yuanı ucuzlaşdırıb və ixrac imkanlarını genişləndirib. O baxımdan aparıcı beynəlxalq təşkilatlar, rəy sorğuları federal uçot stavkasının dəyişdiriləcəyini iddia etsələr də, Amerika Mərkəzi Bankının sıfra yaxın faiz dərəcəsini qoruyub saxlayacağı istisna olunmur.
- Cəmiyyətdə devalvasiya, dolların möhkəmlənməsi kimi proseslər Amerikanın fırıldaqları kimi dəyərləndirilir. Dolların bu günə qədər möhkəmlənməsində kim maraqlı idi?
- Amerika Birləşmiş Ştatları birbaşa məzənnəyə təsir göstərmir. Azərbaycan milli valyutasının məzənnəsinin dəyişməsində Amerikanın maraqlı olduğunu iqtisadi baxımdan söyləmək mümkün deyil. Çünki Azərbaycanla Amerika arasında ticarət dövriyyəsi böyük deyil. Əsas ticarət dövriyyəsi Avropa Birliyi ilədir. Bundan əlavə, orada ayrı-ayrı nümunələr var. Amerika rublun dollara nisbətdə zəifləməsində maraqlıdır və bunu dolayı yolla diktə edir. Dolların avroya nisbətdə kəskin möhkəmlənməsində maraqlı deyil. Amerikanın dünya bazarında rəqabət apardığı ölkələr var. Xatırlayırsınızsa, Çin yuanı devalvasiya edəndə proqnoz vermişdik ki, yaxın günlərdə avro möhkəmlənəcək. Avro niyə möhkəmləndi? Beynəlxalq maliyyədə iki ölkə modeli var. Həmin modelə görə, ixracatda iki rəqib ölkədən birində devalvasiyaya gedirsə, digər ölkənin monetar siyasəti buna uyğunlaşdırılmalıdır. Çin devalvasiya edirsə, Amerika da dolların məzənnəsini müəyyən qədər aşağı salmalıdır ki, bu ölkə dünya və Amerika bazarını tutmasın. Amerikanın məzənnə siyasətində Avropa Birliyi, Çin, Yaponiya, Böyük Britaniya kimi ixracatçı ölkələr əhəmiyyətlidir.