Azərbaycan: Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı? - SEMİNAR | Banco.az

Azərbaycan: Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı? - SEMİNAR

Böyük Britaniyanın London Fond Birjasında “Azərbaycan: Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı?” mövzusunda biznes seminar keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı seminarın “Neft dövründən sonra iqtisadi artımın bərpası. Azərbaycan iqtisadiyyatının yenidən artım-meylləri” mövzusunda panel müzakirəsində çıxış edib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı, Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində yeni inkişaf trayektoriyasına qədəm qoyub. Ölkədə həm fiskal sahədə, həm də tədiyyə balansında tarazlıq  yaranıb: “Ölkənin strateji valyuta ehtiyatları 45 milyard dollara çatır ki, bu da 35 aylıq idxalın maliyyələşdirilməsinə imkan verir . Eyni zamanda ölkənin strateji valyuta ehtiyatları, xarici borcundan 4 dəfəyə qədər çoxdur.”

  Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycanda manatının sabitliyi təmin edilib, inflyasiya 2018–ci ilin yanvar ayında bir rəqəmli həddə - 5.5 faizə qədər endirilib. İcraçı direktor aparılan islahatlar nəticəsində bank sektorunda kapitallaşma səviyyəsinin 2017 - ci ildə 50 faizdən çox artdığını, eyni zamanda  bank sektorunda zərərdən mənfəətə keçidin təmin olunduğunu xüsusi vurğulayıb. “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun yaradılması ilə bankların  real sektoru maliyyələşdirməsi üçün  çox gözəl imkan yaranıb. İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar həm Dünya Bankı həm də, Davos İqtisadi Forumu,  Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və xarici investorlar tərəfindən yüksək qiymətləndirilib. Hazırda Azərbaycan  Şərqi Avropa və Mərkəzi Asiya bölgəsində ən islahatçı 3 ölkədən biri  kimi təqdim olunur. Yaradılan əlverişli  biznes mühiti, makro iqtisadi sabitlik və yeni iqtisadi artım nöqtələrinin təqdim edilməsi ölkəyə dünya investorlarının marağını artırır”.

Ən sərfəli kredit üçün müraciət et

  İİTKM-in icraçı direktoru bildirib ki, London Fond Birjasında “Azərbaycan: Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı?” mövzusunda təşkil edilən biznes seminar da Azərbaycana marağın artması baxımından çox əhəmiyyətlidir.

 Qeyd edək ki, seminar zamanı “Böyük Britaniyanın Azərbaycan ilə ticarət və investisiya əlaqələri”, “Beynəlxalq sərmayələr üçün imkanlar: Strateji yol xəritəsi və əsas inkişaf sektorları”, “Azərbaycanın ən cəlbedici  iqtisadi sektorları” mövzularında panel müzakirələri təşkil edilib. Paşa Bankın təşkilatçılığı ilə keçirilən seminarda Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Azərbaycan Mərkəzi Bankı, eləcə də bir sıra yerli və beynəlxalq qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Ən sərfəli krediti almaq üçün müraciət et