Azərbaycan Beynəlxalq Bankında nə baş verir? | Banco.az

Azərbaycan Beynəlxalq Bankında nə baş verir?

Son günlərdə Azərbaycan Beynəlxalq Bankı ölkənin ən çox müzakirə olunan bankına çevrilib. Bunun əsas səbəblərindən biri də banka kredit borcu olan bir neçə məşhur iş adamlarının həbsi ilə bağlı qərarlardır. Onlar ümumilikdə Beynəlxalq Bank vasitəsilə dövlətə 6 milyard manata qədər zərər vurublar. Yayılan məlumatlara əsasən istintaqa cəlb edilən və borcunu ödəyən sahibkarlar həbs edilmirlər. Borcu ödəməyənlər isə həbs olunur, əmlakları siyahıya alınır.

Bəs, ümumilikdə bankda vəziyyətin nə yerdə olması və mövcud vəziyyətinin əmanətçilər üçün nə dərəcədə riskli olmasını iqtisadçı ekspert Samir Əliyev ilə müzakirə etdik. Ekspert suallarımızı cavablandırdı.

Beləliklə Beynəlxalq Bankda hazırda nə baş verir?

Azərbaycan Beynəlxalq Bank (ABB), nəzərə alsaq ki, ölkənin bir nömrəli bankıdır və onun bazar payı, təxminən 40%-ə yaxındır, dövlət bankı olmaqla, sistem əhəmiyyətli bank hesab olunur. Ölkə üzrə kredit qoyuluşlarının 1/3-i, depozit qoyuluşlarının isə 1/4-i Beynəlxalq Bankın payına düşür.

 ABB sistem əhəmiyyətli bankdır və hər hansı bir problemin yaranması mütləq ölkənin bütünlükdə bank sisteminə təsir göstərir. Problem nədən ibarətdir? Əsas problem - bankın özünün idarəçiliyi ilə bağlı olan məsələdir. Beynəlxalq Bank Azərbaycanın bank sektorunda bir tərəfdən rəqabət mühitini pozurdu, çünki  bayaq qeyd etdiyimiz kimi dövlət bankı idi və əsas maliyyə resursları Beynəlxalq Banka yönəlirdi. Məsələn, Mərkəzi Bank SOCAR-a pul ayırırsa, bu pul Beynəlxalq Bank vasitəsi ilə həyata keçirilirdi.

Dövlətin bütün əsas vəsaitləri Beynəlxalq Bank və qismən də Kapital Bank vasitəsi ilə reallaşdırılırdı. Digər banklar kənarda qalırdı və bu da rəqabət mühitini pozurdu. Biz həmişə deyirik ki, mərkəzləşdirilmiş kreditlərin həcmi artırılmalıdır. , halbuki  onun həcmi təxminən 3,2 milyard manatdan çoxdur. Belə baxanda bu məbləğ heç də az vəsait deyil. Kredit portfelinin təxminən 20%-nə yaxındır. Amma Mərkəzi Bank uçot dərəcəsini dəyişəndə bu, kredit bazarında hiss olunmur. Uçotdərəcəsi ilə kreditlərin faiz dərəcələri arasında əlaqə minimum səviyyədədir. Çünki mərkəzləşdirlmiş kreditlər əsasən bir neçə banka, o cümlədən Beynəlxalq Banka gedir.

Digər banklar üçün bu vəsait əlçatmaz olurdu. 

Bəs Beynəlxalq reytinq agentlikləri məsələyə necə yanaşır?

Mən Beynəlxalq təşkilatların, reytinq agentliklərinin də açıqlamalarına baxdım.  

Beynəlxalq Bankın çox böyük problemləri var idi,  əsas problemlər vaxtı keçmiş və problemli kreditlər ilə bağlı idi. Araşdırmalarımız göstərir ki, problemin kökü xeyli əvvəlki dövrə gedib çıxır. Qeyd edim ki, təkcə Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan digər problemli kreditlərin həcmindən daha çoxdur. Düzdür, Mərkəzi Bankın rəsmi statistik rəqəmlərində problemli kreditlərin həcmi daha az göstərilir, amma reallıqda bu rəqəmlər daha böyükdür. İlkin dövrlərdə rəqəm milyar manat civarında idisə, hazırda mətbuatın yazdığına istinad etsək bu rəqəmin bir neçə milyard manata qalxmasını görərik.

Fitch Beynəlxalq reytinq agentliyi Beynəlxalq Banka reytinq verərkən çox maraqlı bir məqamı qeyd etmişdi. Belə ki, 2014-cü ilin sonuna Beynəlxalq Bankın valyuta mövqeyi təxminən onun kapitalının 1,3 misli qədər, yəni 1,4 milyard dollar idi. Halbuki, əgər Mərkəzi Bankın normativinə riayət etmiş olsaydı, bu rəqəm təxminən 100 milyon dollar olmalı idi.

Çünki Beynəlxalq Bankın məcmu kapitalı 1 milyard manat təşkil edir. Təsəvvür edin ki, ilin sonuna bankın açıq valyuta mövqeyi 1,4 milyard dollar idi və 2 ay sonra devalvasiya baş verir. Düzdür, Fitch qeyd edir ki, bankın hesabatına əsasən, yanvar-fevral aylarında artıq bu məsələ edilmişdi, valyuta mövqeyini bağlaya bilmişdi, amma mən sizi inandırım ki, bu mümkün deyil.

Bəlkə də devalvasiya nəticəsində ən böyük zərbə elə Beynəlxalq Banka dəyib. Valyuta mövqeyinin riayət olunmaması Beynəlxalq Banka birdən-birə çox böyük zərbə vurdu. Onsuz da qeyd etdik ki, daha öncədən də problemlər var idi, zərərli aktivlərin həcmi artmışdı, devalvasiya isə banka daha böyük bir zərbə vurdu.

İndi belə bir situasiya yaranıb ki, artıq Beynəlxalq Bankın zərərli aktivləri, müxtəlif mənbələrə əsasən 6 milyard manata yaxın qiymətləndirilir. Bank hələ ki özü rəsmi rəqəmləri açıqlamır. Bankın kredit portfeli təxminən 7 milyard manatdır və bu portfelin qarşılığında 6 milyard çox böyük bir rəqəmdir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda rəsmi statistikaya əsasən problemli kreditlərin həcmi 1,2 milyarddırsa, görün ki, Beynəlxalq Bankın problemli kreditləri müqayisədə nə qədər çoxdur.

Sizcə, rəhbərliyin dəyişməsi məsələni yoluna qoyacaq?

Ola bilər ki, rəhbərin dəyişməsinin səbəbi başqadır, versiya kimi devalvasiya zamanı hər hansı bir maxinasiyaların aparılması kimi rəylər də irəli sürülür. Ola bilər səbəb budur, ola bilər ki bu deyil. Amma  problemin kökündə duran əsas səbəb bankın çox pis vəziyyətdə olmasıdır. Bankın sağlamlaşdırılmasına çox böyük ehtiyac var.

Əgər Bankla bağlı vaxtında tədbir görülməzsə, bu digər banklar üçün də çox böyük bir problemlər yarada bilər.

Bankın faktiki sahibi olan, dövlətin adından çıxış edən Maliyyə Nazirliyi öz açıqlamasında bildirib ki, bundan sonra da banka möhkəmlənməsi istiqamətində öz dəstəyini göstərəcəkdir.

Bu yaxınlarda Beynəlxalq Bank səhm emissiyası həyata keçirib və müəyyən alqı-satqı da baş tutub və son rəqəmlərə əsasən Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalında dövlətin iştirak payı 50,2 faizdən 51,07 faizədək artıb. Görünür ki,  səhmləri satmaq bir az çətinlik yaradıb və dövlət özü onları almalı olub.

Problemin çıxış yolu bəs nədədir?

Təbii ki, ilk növbədə idarəetməni dəyişmək lazımdır. Zənnimcə Azərbaycan Beynəlxalq Bankının ən böyük problemi risk menecmentini düzgün qurmaması olub. Böyük həcmdə pullar verilib və onların bu gün geri qayıtması sual altındadır. Düzdür, qeyri-ənənəvi metodlardan istifadə edilir. İnzibatı vasitələrlə çalışırlar ki, həmin pulları geri alsınlar və ola bilər ki, həmin pulun müəyyən hissəsi xilas edilsin. Ümumən götürəndə həmin pulun hamısını xilas etmək mümkün olmayacaq. Düşünürəm ki, bu amil də Bankın bundan sonrakı reytinqlərinə təsir göstərəcək.

Maraqlıdır ki, hər il banklar audit şirkətləri tərəfindən yoxlanır, beynəlxalq reytinqlər tərəfindən qiymət alır, bu qədər problemlərin qarşısında necə olur ki, bank yüksək reytinq alır və ya niyə audit şirkətləri problemi üzə çıxarmır, axı ABB elə bankdır ki, insanlar da ona etibar edir, əmanətlərini yatırır. 

Düzdür, Beynəlxalq Bank Azərbaycan ən yüksək reytinqlərə malik olan banklardan biridir. Tək-tük banklar var ki, reytinqləri yüksəkdir.

Bank sektorunda şəffaflığın artırılmasına çox böyük ehtiyac var.  Şəffaflıq baxımından adətən xarici kapitalla çalışan banklar daha çox seçilir. Düşünürəm ki, xarici kapitalla çalışan banklar daha çox şəffafdır, nəinki sırf yerli banklar. Çünki xarici kapitallı banklarda sahibkarlar məcbur edir, öhdəlik qoyur ki, istər yerli, istərsə də beynəlxalq auditoriyaya məlumatlar düzgün açıqlansın. Maliyyə hesabatları vaxtında dərc edilsin. Bizdə isə elə baklar isə var ki, bilinmir nə işlə məşğuldur.

Ola bilsin ki gələcəkdə Beynəlxalq Bankın reytinqi aşağı salmağa doğru bir addım atılsın, sadəcə bu gün reytinq ona görə salınmır ki, onun arxasında dövlət durur.

ABB-nın reytinqi o zaman salına bilər ki, Azərbaycanın özünün suveren kredit reytinqi ensin. Bu gün belə bir təhlükə yoxdur, amma ehtimal var. Ona görə ki, neftin qiyməti düşməyə davam edərsə və neft gəlirləri azalmağa doğru gedərsə, onda ölkənin özünün də reytinqi endirilə bilər. Dövlət, bankın üzərində müəyyən sağlamlaşma əməliyyatları aparmaqla görünür, onun reytinqi qoruya biləcək.

Dövlət bankı olduğu üçün insanlar da ona etibar edir və prinsipcə, haqlıdırlar. Ən azı dövlət bankı olduğu üçün Beynəlxalq Bank xilas olunacaq.

Beynəlxalq Bankı özəlləşdirilməsi - BVF və digər beynəlxalq təşkilatlar da bu zərurəti vurğulayır. Biz də ekspert olaraq, hesab edirik ki, əgər biz bazarda rəqabət mühitini qorumaq istəyiriksə, ABB mütləq özəlləşdirilməlidir. Beynəlxalq bankın üstünlüyü rəqabət mühitini daima pozur. Ola bilsin, özəlləşdirməyə çıxarmaq üçün ilkin dövrdə müəyyən bir sağlamlaşdırma həyata keçirilsin və ilk mərhələdə  dövlət tərəfindən müəyyən bir maliyyə yardım edilməsi mümkündür. Yəqin ki ediləcək, əks təqdirdə, indiki halda Beynəlxalq Bankın  maliyyə vəziyyəti çox acınacaqlıdır. Bankın zərərli aktivləri çoxdur, bəlkə də dövlət zərərlərin bir hissəsini ödəsin. Bu haqda detallı məlumat heç bir yerdə yoxdur.

Təşəkkürlər Samir müəllim. 

Könül Soltanova, Banco.az