Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2018” beynəlxalq sərgisində iştirak edir | Banco.az

Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2018” beynəlxalq sərgisində iştirak edir

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi SIBOS sərgi-konfransı bu il 22-25 oktyabr tarixində Avstraliyanın Sidney şəhərində keçirilir. Sərgiyə Cənubi Qafqaz regionunun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı da qatılıb. Bankı bu beynəlxalq sərgidə İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov və Baş direktor Fuad İslamov təmsil edir.

Qeyd edək ki, hər il bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılır.

Sərgi-konfrans çərçivəsində Azərbaycan Beynəlxalq Bankının nümayəndə heyəti xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə 30-dan çox görüş keçirəcək. Azərbaycan Beynəlxalq Bankının yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat veriləcək. Gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib: “Ənənəvi SIBOS sərgi-konfransları dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platformadır. Geniş beynəlxalq tərəfdaşlıq çevrəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı da bu imkanı dəyərləndirərək SIBOS sərgi-konfranslarında hər il təmsil olunur. “SIBOS-2018” çərçivəsində keçirdiyimiz görüşlər, apardığımız müzakirələr, ümid edirik ki, bankın fəaliyyətinə fayda verəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.