Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert qrupunun növbəti iclası keçirilib.
ABA-dan "APA-Economics"ə verilən məlumata görə, ödəniş sistemləri üzrə ekspert qrupu bankların əhaliyə daha innovativ ödəniş texnologiyalarının təqdim edilməsi və tətbiqi üzərində daim işləyir, bu sahədə mövcud problemlərin həllinə çalışır: "Hazırda, İsveçdə və digər Skandinaviya ölkələrində geniş istifadə olunan "Svish" mobil ödəniş texnologiyasının tətbiqi üzərində müzakirələr aparılır və bu innovasiyanın müştərilərə verə biləcəyi imkanlar nəzərdən keçirilir. "Svish" İsveçdə 2012-ci ildən uğurla tətbiq olunur və hal-hazırda bu mobil ödəniş texnologiyasının aktiv istifadəçisi sayı 4 milyon nəfəri keçib".
Qeyd edək ki, bu mobil ödəniş çözümü, həm müştərilər arasında bir-birinə vəsait köçürmək imkanı, həm də müştəri tərəfindən ticarət obyektinə və ya fərdi satıcıya bir neçə saniyə ərzində ödəniş etmək imkanını verir. Bunun üçün smartfon, bankda hesab və öz adınıza olan mobil nömrəsinin olması yetərlidir. Ödənişlər mobil və ya wi-fi internet olan istənilən yerdən həyata keçirilə bilər. Bu applikasiya vasitəsilə, istər ölkənin hər hansı ucqar nöqtəsindən, istərsə də xaricdən ödənişlər etmək çox asandır. Eyni zamanda, bu texnologiya elektron və mobil kommersiya ödənişlərini də dəstəkləyir.
Hazırda ABA bu texnologiyanın yerli bazara uyğunluğu imkanları və müvafiq texniki məsələləri müzakirə edir.