Azərbaycan Banklar Assosiasiyasının (ABA) Kredit işi və risk üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Mərkəzi Kredit Reyestrinin fəaliyyəti və yaradılması planlaşdırılan özəl kredit büroları haqqında fikir mübadiləsi aparılıb.
"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, Ekspert Qrupunun üzvləri son dövrlərdə bankların vəziyyəti ilə bağlı əhalinin düzgün məlumatlandırılmamasının yol aça biləcəyi riskləri də müzakirə edib. Sözügedən risklərin azaldılmasına yönələ biləcək tədbirlər haqqında təkliflər irəli sürülüb. Əhaliyə yalnız dəqiq və əsaslandırılmış məlumatların çatdırılması üzrə işlər nəzərdən keçirilib.
Bundan əlavə, bankların kredit portfelinin tərkibi və cari vəziyyəti barədə məsələlər iclasın gündəliyində olub.
Qeyd edək ki, Qrupda kredit işi və risk üzrə bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə xarici təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, eləcə də müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlər həyata keçirilir.