Azərbaycan Banklar Assosiasiyasına üzv banklar “SOCAR Polymer” layihəsinə dəstək veriblər | Banco.az

Azərbaycan Banklar Assosiasiyasına üzv banklar “SOCAR Polymer” layihəsinə dəstək veriblər

Azərbaycan Banklar Assosiasiyasına üzv banklar ölkəmizin iqtisadi inkişafının əsas drayveri olan real sektorun maliyyələşdirilməsi, habelə qiymətli kağızlar bazarının genişləndirilməsi istiqamətində davamlı və ardıcıl fəaliyyətlər göstərirlər.

Belə ki, “SOCAR Polymer Investments” şirkətinin “SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsi məqsədilə 2020-ci ilin iyul ayında emissiya etdiyi 200 milyon ABŞ dolları məbləğində istiqrazlara Azərbaycanın Beynəlxalq Bankı, Bank of Baku, Xalq Bank, Kapital Bank, Bank Respublika, RabitəBank, PAŞA Bank və Ziraat Bank tərəfindən investisiya edilmişdir. Bu istiqrazların tədavül müddəti 5 (beş) il, istiqrazlar üzrə faiz dərəcəsi isə illik 5%-dir (beş faiz). İstiqrazların buraxılışı Mərkəzi Bank tərəfindən 19 iyun 2020-ci il tarixində qeydiyyata alınmış və istiqrazlar birjadankənar bazarda tam həcmdə yerləşdirilmişdir.

Layihəyə ümumilikdə 864 milyon ABŞ dollarından çox investisiya edilmişdir. Ölkədə qeyri-neft sektorunda ilk dəfə olaraq “Layihə maliyyələşdirilməsi” prinsipi əsasında Layihə xərclərinin təqribən 60%-ni əhatə edən 489 milyon ABŞ dolları həcmində “Qazprombank”dan kredit cəlb edilmişdir. “SOCAR Polymer”in maliyyələşmə strategiyasının növbəti mərhələsi çərçivəsində hazırkı borcun bir hissəsinin daha aşağı faizli borcla yenidən maliyyələşdirməsinə başlanılmışdır. Banklar tərəfindən ayrılan vəsait “SOCAR Polymer”in maliyyə portfelinin optimallaşdırılması məqsədilə Qazprombank SC-dən cəlb edilmiş kredit vəsaitinin bir hissəsinin yenidən maliyyələşdirilməsinə sərf olunmuşdur. Bu, “SOCAR Polymer”ə daha sərfəli maliyyə resursları hesabına layihə xərclərini azaltmağa şərait yaradacaqdır.

Onu da qeyd edək ki, “SOCAR Polymer” son 40 il ərzində ölkəmizin neft-kimya sənayesində həyata keçirilən birinci irimiqyaslı layihədir. Azərbaycanın kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi daşıyan layihənin əsası 2013-cü ildən qoyulub. Şirkətin istehsalat obyektləri Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Zavodlar müvafiq olaraq 2018-ci və 2019-cu ildə istismara verilib. Bu layihənin uğurlu nəticələrinin Azərbaycan sənayesinin bir çox əhəmiyyətli sektorunda multiplikasiya effekti yaradaraq çoxsaylı yeni iş yerlərinin açılmasını təmin edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumdur ki, real sektorda fəaliyyət göstərən dövlət və özəl şirkətlərin mühüm maliyyələşmə formalarından biri də onlar tərəfindən buraxılan qiymətli kağızlara investisiya edilməsidir. Mərkəzi Bank tərəfindən real sektorun kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarında aparılan islahatlar nəticəsində yaxın gələcəkdə kapital bazarı vasitəsilə maliyyələşmə templərinin artacağı gözlənilir.

Azərbaycan Banklar Assosiasiyasına üzv banklar qarşıdakı dövrdə də ölkədə fəaliyyət göstərən şirkətlərin, eləcə də iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək perspektivli layihələrin maliyyələşdirilməsi istiqamətində fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et