Azərbaycan bank sektorunda regionun ən güclüsüdür | Banco.az

Azərbaycan bank sektorunda regionun ən güclüsüdür

Müstəqillik dövründən sonra nəinki Azərbaycanda, ümumilikdə bütün MDB məkanında bank sisteminin fəaliyyətində də əhəmiyyətli dəyişikliklər baş verdi. Azərbaycanda Sovet dövrünün təsiri altında yaşamış insanların həyat və düşüncə tərzlərini dəyişmək heç də asan deyildi. Bununla yanaşı, 90-cı illərin əvvələrində baş vermiş fırıldaqçılıq halları da əhalidə banklara olan inamın azalmasına səbəb olmuşdu. Elə bu səbəbdən də, hələ də əhali istifadə etmədikləri pul vəsaitlərini banka depozit kimi qoymağa çəkinirlər. Bundan həm banklar zərər çəkir, həm də insanlar əlavə gəlir etmə imkanını əldən verir.

Lakin bütün bunlara baxmayaraq, illər ərzində Azərbaycan bank sistemi sürətlə inkişaf etmiş və artıq uzun müddətdir ki, regionda aktivlərin həcminə görə ən inkişaf etmiş ölkə hesab olunur. Buna təsir edən amillərdən biri kimi Mərkəzi Bank tərəfindən nizamnamə kapitalına qoyulan minimal tələbin 10 mln manatdan 50 mln manata qədər artırılmasını göstərmək olar. 2014-cü ilin iyul ayına olan göstəriciyə görə bankların ümumi aktivlərinin həcmi 22,5 mlrd manata (28,8 mlrd ABŞ dolları) bərabərdir.

Qonşu ölkə Gürcüstan 2009-cu ildə MDB-i tərk etsə də, ölkənin bank sistemi hələ də digər MDB ölkələrinin bank sistemi ilə sıx əlaqədədir. Belə ki, Gürcüstanda Rusiya, Azərbaycan və Ukraynanın bir sıra bankları fəaliyyət göstərir. Ölkə bank aktivlərinin ümumi həcminə görə isə regionda ikinci yeri tutur. Belə ki, 2014-cü ilin iyul ayına olan göstəriciyə görə Gürcüstan banklarının ümumi aktivlərinin həcmi 18,4 mlrd lariyə (10,6 mlrd ABŞ dolları) bərabərdir.

Gürcüstanda 21 kommersiya bankı, 163 filial fəaliyyət göstərdiyi halda, Azərbaycanda bankların sayı 44, filialların sayı isə 726-a bərabərdir.  Gürcüstanda qeyri-rezident kommersiya təşkilatlarının 2 filialı fəaliyyət göstərməklə yanaşı, 21 bankdan 19-da isə xarici kapital iştirak edir.

Bank aktivlərinin ümumi həcmi (2011-2014)

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda bank fəaliyyətinin inkişaf tempi xalis mənfəətin artımı ilə müşayət olunmuşdur. 2013-cü ildə aktivlərin rentabelliyində artım baş vermişdir. Lakin ilkin hesablamalara görə aktivlərin rentabelliyi 2014-cü ilin sonuna azalsa da kritik səviyyədən (beynəlxalq təcrübədə geniş istifadə edilən səviyyə 1.5%) aşağı düşməyəcəkdir.

2013-cü il də Gürcüstan bank sistemi üçün əlamətdar olmuşdur, belə ki, xalis mənfəət 2012-ci illə müqayisədə 3 dəfə artmışdır. 

 

Bank fəaliyyətinin əsasını təşkil edən faiz dərəcələrinin tənzimlənməsi mərkəzi banklar tərəfindən bir sıra maliyyə alətləri vasitəsilə tənzimlənir. Faiz dərəcələrinin əsassız şəkildə artımı mənfi haldır ki, bu da gələcəkdə ölkələri yeni bir maliyyə qeyri-sabitliyi ilə üz-üzə qoya bilər. Faiz dərəcələri hər iki ölkədə kifayət qədər yüksək olsa da, illər üzrə azalan temp müşahidə olunur. Gürcüstanda faiz dərəcələri üzrə qeyri-sabitlik mövcuddur, buna təsir edən əsas amil kimi Gürcüstanın xarici kapitaldan asılılığını göstərmək olar. Ümumi götürdükdə, banklar Azərbaycanda daha aşağı faizlə kreditlər təklif edirlər. 

Qeyd: Aktivlərin müqayisə təhlilini aparmaq üçün milli valyutalar ABŞ dolları ilə əks olunmuşdur və bu zaman Gürcüstan Milli Bankı tərəfindən 30.08.2014 tarixinə larinin rəsmi məzənnəsi (1.7360 GEL / USD) və Azərbaycan Mərkəzi Bankı tərəfindən 29.08.2014 tarixinə manatın rəsmi məzənnəsindən (0.7844 AZN / USD) istifadə edilmişdir. Valyuta ilə ifadə olunan digər bank göstəriciləri isə həmin tarixin rəsmi valyuta məzənnəsi ilə ifadə edilmişdir

Ən sərfəli krediti almaq üçün müraciət et