Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı | Banco.az

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

10 sentyabr 2025-ci il tarixində dövlət bankı Azər Turk Bank ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında 8,5 milyon manat məbləğində Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi üçün kredit sazişi imzalanmışdır.

Azər Turk Bank bu saziş çərçivəsində əldə olunmuş vəsaitləri istehsal, xidmət, kənd təsərrüfatı və digər sektorlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə təkrar kredit şəklində təqdim etməklə onların investisiya imkanlarını genişləndirəcək və Azərbaycanın özəl sektorunun inkişafına mühüm töhfə verəcəkdir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstan tərəfindən 1997-ci ildə təsis edilmiş beynəlxalq maliyyə institutudur. BSTDB-nin baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. Bank iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləmək məqsədilə dövlət və özəl sektorlarda layihələrin və ticarətin maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, kapital yatırımları və zəmanətlər təqdim edir.

Son illərdə davamlı inkişaf nümayiş etdirən və Azərbaycan bank sektorunda mövqeyini möhkəmləndirən Azər Turk Bank, beynəlxalq maliyyə icmasına inteqrasiyasını daha da gücləndirdiyini bir daha sübut etmişdir.

BSTDB ilə kredit sazişinin imzalanması əməkdaşlıq üçün yeni perspektivlər açacaq və Azər Turk Bank-ın milli iqtisadiyyatın inkişafına, həmçinin onun diversifikasiyasına daha fəal töhfə verməsinə imkan yaradacaq.