Avtomobillərin icbari sığortası üzrə 107 989 elektron icbari sığorta müqaviləsi bağlanılıb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə 107 989 elektron icbari sığorta müqaviləsi bağlanılıb

Bu ilin aprel ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 107 989 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

“Report” İSB-yə istinadən xəbər verir ki, bunların 10 770-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 7 979 730 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,69% artım, sığorta haqlarının məbləğində isə 2,83% azalma müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Mənbə: Report.az