Avtonəqliyyat vasitələrinin sahibləri mülki məsuliyyətin icbari sığortasının sifarişi üçün artıq bir ünvana müraciət edəcəklər. Azərbaycanın sığorta bazarında bu yeniliyi ilk dəfə “Meqa Sığorta” ASC tətbiq edib.
ASC-dən bildiriblər ki, şirkətin müştəriləri avtomobilin icbari sığortasını E-manatla sifariş edə biləcəklər. E-manat terminallarında avtomobilin icbari sığortasını sifariş etmək üçün çox sadə və minimum məlumatlar tələb edən interfeys hazırlanıb. Bu sistem birbaşa sığorta şirkətinin daxili proqram təminatı və İcbari Sığorta Bürosunun (İSB) vahid elektron informasiya sistemi ilə əlaqəlidir. Müştəri icbari sığorta müqaviləsi bağlamaq üçün terminalın ana səhifəsində “Meqa Sığorta” xanasını seçib mobil nömrəsini, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini daxil etməlidir. Sığortalanacaq nəqliyyat vasitəsi üçün icbari sığorta qanunvericiliyinə uyğun olaraq güzəşt və artırma əmsalı nəzərə alınmaqla terminal tərəfindən avtomatik olaraq sığorta haqqı hesablanır. Ekranda göstərilən sığorta haqqını terminala ödədikdən sonra avtomobilin icbari sığorta şəhadətnaməsi dərhal qüvvəyə minir. Bu barədə məlumat həm ekranda və ödəniş qəbzində göstərilir. Həmçinin müştərinin mobil nömrəsinə İSB tərəfindən sığorta şəhadətnaməsinin etibarlılığı haqqında SMS göndərilir. Sığorta şəhadətnaməsi isə ən geci 48 saat ərzində müştəriyə çatdırılır. Müştərilər E-manat terminallarından həftənin bütün günləri 24 saat ərzində istifadə edə bilərlər.
azertag.az