Avtomobil sığortasında dəyişikliklər | Banco.az

Avtomobil sığortasında dəyişikliklər

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) “Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”nda öz əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilib.

Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır.

Sığorta mütəxəssislərinin iştirakı ilə keçirilmiş iclasda qərara alınıb ki, bu problemin tənzimlənməsi üçün vahid qiymətləndirmə cədvəli hazırlansın. Cədvələ əsasən, avtomobillərin istehsal olunduğu ölkə, marka və istehsal ilindən asılı olaraq onların bazar dəyəri müəyyən ediləcək. Yəni, müəyyən edilmiş əmsallar əsasında hər bir avtomobilin istehsalından ötən müddət ərzində ilkin satış dəyərini nə qədər itirdiyi hesablanacaq. Beləliklə, işlənmiş avtomobillər sığortalanarkən sığorta məbləği və sığorta haqqı ilə bağlı mübahisələr aradan qalxmış olacaq.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et