Ölkədə avtomobillərin yenidən kreditlə satışı bərpa oluna bilər.
Mərkəzi Banka kreditlərin faiz dərəcələrinin aşağı salınması ilə bağlı göstərişdən sonra bu məsələ gündəmə gəlib.
Ölkə başçısının məlum göstərişindən sonra MB bu il yanvar ayında verdiyi qərara yenidən baxmalı olacaq. Bəzi şərtlər dəyişməsə də, əsasən faiz dərəcələrini aşağı salınması və sadələşdirilmiş kreditin verilməsi nəzərdə tutulur.
İqtisadçı-ekspert Vüqar Bayramov da 2015-ci ildə bank sahəsində ciddi islahatların olacağı qənaətindədir. Mütəxəssisin sözlərinə görə, yumşaldılan fazilər bir çox sahələri əhatə edəcək:
“Prezidentin təsdiq etdiyi 2015-ci ilin dövlət büdcəsi haqda sənəddə ilk dəfə olaraq bank sektorunda faizlərin aşağı salınması ilə bağlı ayrıca bir maddə əlavə olundu və prezident Mərkəzi Banka faiz dərəcələrinin aşağı salınması ilə bağlı göstəriş verdi. Təbii, bütün bunlar ondan xəbər verir ki, 2015-ci ildə banklarda kredit faizləri aşağı düşəcək. Bildirmək istəyirəm ki, bu daha çox biznes kreditləri faizlərinin aşağı salınmasına yönəldilib və məqsəd real sektorun inkişaf etdirilməsidir. Amma biznes kreditlərində faizlərin aşağı salınması avtomatik olaraq istehlak kreditlərində də fazilərin düşməsinə gətirib çıxaracaq. Əhalinin ən çox müraciət etdiyi həcmdə, 5000-dək olan kreditlərin faiz dərəcələrində azalmaların olacağı proqnozlaşdırılır. Bütövlükdə isə 2015-ci ildə kredit faizləri təxminən 4 faiz aşağı düşəcək”.
Avtomobil kreditində dəmir qaydalara da yenidən baxılacağını deyən ekspert əvvəlki tək 40-80 faiz ilkin ödənişə ehtiyac qalmayacağını proqnozlaşdırır:
“Avtomobil kreditlərində də faiz dərəcələri aşağı düşəcək. Ancaq bu kreditlərlə bağlı çətinlik təkcə faiz dərəcələri ilə deyil, eyni zamanda, burada ilkin ödəniş məbləğinin yüksək olması ilə də bağlıdır. Nəzərə alaq ki, ilkin ödənişin məbləği 40-80 faiz arasında dəyişir. Hazırda ən yaxşı halda alınan avtomobil üçün ilkin olaraq 40 faiz ödənilir. Avtomobil nisbətən köhnədirsə, bir il ərzində istifadə olunubsa, deməli, bu zaman 80 faiz ilkin ödəniş etməli olursan. Bu da praktik olaraq avtomobilin kreditlə alışında marağın azalmasına gətirib çıxarır. Bu baxımdan deyə bilərik ki, azalan faiz dərəcələri fonunda avtomobil kreditində də canlanma müşahidə olunacaq”.
Bildirək ki, bu ilin yanvarında Mərkəzi Bank kredit bazarında baş verənlərə nəhayət konkret qərarla reaksiya vermişdi. Qərara görə, ölkədə fəaliyyət göstərən banklara arayışsız kredit vermək qadağan edildi. Bundan başqa, banklar avtomobil kreditləri verməyi də dayandırdılar. Bildirilir ki, buna səbəb problemli kreditlərin həcminin artmasıdır.