Müəllif - Fərid İslamov - Banco.az
Avstraliyanın ən böyük pensiya fondu AustralianSuper, rəhbərlikdə yaranan skandal fonunda İT şirkəti WiseTech Global Ltd-dəki investisiyalarından imtina edib.
365 milyard avstraliya dollarından (230 milyard ABŞ dolları) çox məbləğdə investisiyaları idarə edən fond, son həftələrdə logistika sahəsi üçün proqram təminatı istehsal edən WiseTech-dəki səhmlərini təxminən 580 milyon dollara satıb.
AustralianSuper Bloomberg-in məlumatına görə, 2016-cı ildə şirkət birjaya çıxandan bəri WiseTech-in investoru olub.
Keçən ay, şirkətin təsisçisi və ən böyük səhmdarı Riçard Vayt ilə olan fikir ayrılıqları səbəbindən WiseTech-in İdarə Heyətinin altı üzvündən dördü, o cümlədən sədr Riçard Dammery istefa verib. Vayt, şirkət işçisi və təchizatçısı ilə şəxsi münasibətlərini açıqlamadığı ilə bağlı araşdırmanın mərkəzində olub.
AustralianSuper-un 2024-cü ilin yanvar ayında WiseTech-də 2,64% səhmi var idi. Keçən ilin oktyabr ayında Vaytın qeyri-münasib davranışına dair araşdırmanın məlum olmasından sonra bu pay 2,29%-ə, fevral ayına qədər isə 1,9%-ə qədər azaldı.