Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozona iqtisadiyyatı yanvar-mart dövründə əvvəlki rübə görə 0,3 % artımla texniki tənəzzüldən çıxıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2024-cü ilin birinci rübü üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın ÜDM-i ilə bağlı aparıcı məlumatları yeniləyib.
Məlumatlar göstərir ki, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM 2024-cü ilin birinci rübündə ötən ilin son rübünə nəzərən 0,3 faiz artıb. ÜDM-də illik artım 0,4 faiz hesablanıb.
Xatırladaq ki, Avrozona iqtisadiyyatı 2023-cü ilin həm üçüncü, həm də dördüncü rübündə 0,1 faiz daralaraq, "ard-arda iki rüb ərzində daralma" olaraq təyin olunan texniki tənəzzülə girmişdi.
Aİ-də də mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz, illik 0,4 faiz artıb.
Qeyd edək ki, ən böyük Avrozona ölkələri arasında ilk rübdə 0,7 faiz artımla ən güclü göstəriciyə malik ölkə İspaniya olub. Regionun ən güclü iqtisadiyyatına sahib Almaniya və ikinci yerdəki Fransa 0,2 faiz, İtaliya isə 0,3 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!