Avropadakı təbii qaz anbarlarının yarısı boşdur | Banco.az

Avropadakı təbii qaz anbarlarının yarısı boşdur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın təbii qaz anbarlarının doluluq nisbəti fevralın 10-na olan məlumata görə, 50 faizdən aşağı düşüb.

Banco.az xəbər verir ki, “Gas Infrastructure Europe” məlumatlarına əsasən, Avropa İttifaqı (Aİ) ölkələri arasında təbii qaz anbarlarında ən az doluluğa sahib ölkə 29,9% ilə Fransa olub.

Regionun ən böyük enerji istehlakçılarından biri olan Fransanın qaz anbarlarında doluluq səviyyəsi Avropa Komissiyası tərəfindən müəyyən edilmiş 41%-lik hədəfdən aşağı qalıb.

Aİ-yə daxil olmayan ölkələr arasında isə Ukraynada qaz anbarlarının doluluq səviyyəsi 9,3%, Böyük Britaniyada isə 25,7% olaraq qeydə alınıb.

Portuqaliyanın anbarları tam doluluq səviyyəsinə çataraq diqqət çəkib. Bu ölkəni 88% ilə İsveç, 69% ilə isə İspaniya izləyib.

Avropanın təbii qaz anbarlarının ümumi doluluq səviyyəsi isə 10 fevral tarixinə olan məlumata görə, 48,5% təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 67% idi.

İllik 400 milyard kubmetrdən çox təbii qaz istehlak edən Aİ ölkələri Ukraynadakı müharibə səbəbilə Rusiyadan qaz alışını dayandırıb və Rusiya ilə Ukrayna arasındakı təbii qaz tranziti müqaviləsi 31 dekabr 2024-cü ildə başa çatıb.

Ukrayna hökumətinin 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, boru kəmərləri vasitəsilə bu ölkə vasitəsilə Avropaya nəql edilən Rusiya qazının həcmi 2022-ci illə müqayisədə 28,4% azalaraq 14,6 milyard kubmetrə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram