Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı pul siyasəti üzrə iclasında faiz dərəcələrini bazar gözləntilərinə uyğun olaraq dəyişməz saxlamaq barədə qərar qəbul edib. Gecəlik depozit faiz dərəcəsi 2 faiz səviyyəsində saxlanılıb, əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi 2,15 faiz, marjinal borcvermə faizi isə 2,40 faiz səviyyəsində qorunub.
Avropa Mərkəzi Bankının rəsmiləri xüsusilə son dövrdə avronun 1,20 həddini keçən möhkəmlənməsinin ixracata göstərdiyi təzyiqi və inflyasiya proseslərini yaxından izləyirlər.
Donald Trampın yenidən gündəmə gətirdiyi gömrük rüsumları ilə bağlı təhdidlər və ticarət müharibələri ətrafında mövcud olan qeyri-müəyyənliklər investor fəallığını məhdudlaşdıran əsas risklər kimi ön plana çıxır.
Qərar mətnində aşağıdakı fikirlər yer alıb: “İqtisadiyyat çətin qlobal şəraitə baxmayaraq dayanıqlılığını qoruyub saxlayır. Lakin ticarət siyasətlərindəki proqnozlaşdırılmayan addımlar və geosiyasi gərginliklər səbəbindən ümumi mənzərə üzrə qeyri-müəyyənlik davam edir.”
Bizi sosial şəbəkələrdən izləyin!!
