Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) üzv ölkələrə bu il qalıq yanacaq idxalına 45 milyard avro qənaət etməyə imkan verəcək yeni enerji fəaliyyət planı hazırlayıb.
Banco.az xəbər verir ki, Avropa Komissiyası "Təmiz Sənaye Anlaşması" çərçivəsində "Məqbul Qiymətli Enerji Fəaliyyət Planı" adlı sənədi yayımlayıb. Bu plan enerji xərclərinin azaldılması, bu sahəyə investisiyaların artırılması və mümkün enerji böhranlarına daha yaxşı hazırlıq məqsədlərini əhatə edir.
Sənədə əsasən, üzv ölkələr arasında enerji sahəsində əməkdaşlıq artırılacaq.
Aİ rəqabət qabiliyyətinə mənfi təsir göstərən enerji qiymətlərinə fokuslanacaq və Aİ ilə rəqibləri arasındakı enerji qiymət fərqinin aradan qaldırılmasına çalışılacaq.
Elektrik enerjisini daha əlçatan etmək üçün Komissiya enerji haqları, şəbəkə və sistem xərcləri, vergilər, rüsumlar və tədarük xərcləri ilə bağlı addımlar atacaq.
Üzv ölkələrdən elektrik enerjisinə tətbiq olunan milli vergiləri azaltmaq və istehlakçıların tədarükçülərini daha asan dəyişdirə bilməsi üçün tədbirlər görmək tələb olunacaq.
Komissiya pərakəndə elektrik enerjisi haqları ilə yüksək və dəyişkən qaz qiymətləri arasındakı əlaqəni zəiflətmək məqsədilə uzunmüddətli tədarük müqavilələrinin bağlanmasını dəstəkləyəcək.
Enerji haqlarını azaltmaq üçün şəbəkə tariflərinin enerji sisteminin real xərclərini əks etdirməsini təmin edəcək metodologiya hazırlanacaq.
Bərpa olunan enerji investisiyaları artırılacaq və sürətləndiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!