Avropa İttifaqında avtomobil satışları 5,1% artıb | Banco.az

Avropa İttifaqında avtomobil satışları 5,1% artıb

Avropa İttifaqında (Aİ) 2024-cü ilin dekabr ayında avtomobil satışları 5,1% artıb.

Banco.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.

Aİ ölkələrində qeydiyyata alınan yeni minik avtomobillərinin sayı 2023-cü ilin dekabrında olan 866 720 ədədə qarşı 910 505 ədəd təşkil edib. 

Fransada satışlar 1,5%, İspaniyada  28,8% artıb. Bununla belə, İtaliyada satışlar 4,9%, Almaniyada isə 7,1% azalıb.

Avropa İttifaqında elektriklə işləyən avtomobillərin satışı 10,2% azalaraq 144 367 ədəd təşkil edib. Belə avtomobillərin ümumi satışlarda payı bir il əvvəlki 18,5%-dən 15,9%-ə düşüb.

“Volkswagen” qrupunun (o cümlədən “Skoda”, “Audi”, “Seat”, “Porsche” və s.) Aİ-də satışları dekabrda 5,9%, “Stellantis” 7,3%, “Renault” 16,4% artıb. Alman lüks avtomobil istehsalçısı “Bayerische Motoren Werke” avtomobil satışlarını 8,8%, onun əsas rəqibi “Mercedes-Benz” isə 5% azaldıb.

Cənubi Koreyanın “Hyundai Group”unun Aİ-də avtomobil satışı ötən ay 2,3%, Yaponiyanın “Toyota Group”unun isə 31,1% artıb.

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” Avropa İttifaqında 32 074 avtomobil satıb ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,9% çoxdur.

2024-cü ildə Aİ-də avtomobil satışları 0,8% artaraq 10,632 milyona, elektrikli avtomobil satışı isə 5,9% azalaraq 1,448 milyona düşüb.