Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda yeni layihələr həyata keçirəcək | Banco.az

Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda yeni layihələr həyata keçirəcək

Avropa İttifaqı və Avropa Şurası Aİ/AŞ-nın “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG III)” proqramının 2023-2027-ci illər üzrə üçüncü mərhələsi çərçivəsində Azərbaycanda həyata keçiriləcək yeni layihələrinin təqdimatı keçirilib.

Təqdimatda Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix çıxış edib.

O deyib ki, bu təşəbbüs çərçivəsində layihələrin reallaşması üçün investisiyanın 80 faizini Aİ, 20 faizini isə Avropa Şurası ayırır:

"Həyata keçirəcəyimiz layihələr yaxşı idarəçilik, korrupsiya ilə mübarizə, qadınlara qarşı diskriminasiya və şiddətə qarşı mübarizə sahələrini əhatə edəcək. Azərbaycan, Ermənistan, Gürcüstan və Ukraynada ümumilikdə 21 layihə həyata keçirəcəyik. Azərbaycanda 4 layihənin reallaşması nəzərdə tutulub, eyni zamanda Azərbaycan 3 regional layihədə iştiraka dəvət olunub".

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxışında bildirib ki, bu proqram "Şərq Tərəfdaşlığı" ölkələrinin qanunvericiliyinin, idarəçiliyin yaxşılaşdırılmasına və Avropa standartlarına uyğunlaşdırılmasına xidmət edir.

"Reallaşdırılan layihələrin effektiv nəticələri var. Biz Azərbaycan XİN-ə bu proqramın həyata keçirilməsində koordinasiya fəaliyyətinə görə təşəkkür edirik. "Yaxşı idarəçilik üçün tərəfdaşlıq" proqramın büdcəsi 2.5 milyon avrodur. Yeni layihələr ədalət mühakimələrini səmərəliliyinin və keyfiyyətinin güclənməsinə, bərabərliyin təşviqinə töhfə verəcək. Yaxşı idarəçilik stabilliyə, iqtisadi inkişafa aparır", - o deyib.

Təqdimat mərasiminə qatılan Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi Aysel Yaqubova çıxışında bildirib ki, Azərbaycan 2015-ci ildən bəri bu proqramın benefisiarları arasındadır: “Hesab edirik ki, bu proqram həm də Aİ və Avropa Şurasının əməkdaşlığının uğurlu nümunəsidir. Bu təşəbbüs Azərbaycanda reallaşan islahatları gücləndirmək və tamamlamaq xarakteri daşıyır”.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanlı rəsmi ədliyyə hüquq sistemində reallaşan islahatlar barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda Aİ və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və ümumi büdcəsi 2,5 milyon avro olan 4 xüsusi layihə həyata keçiriləcək. Onlar proqramın əvvəlki mərhələlərinin nəticələri əsasında hazırlanıb və Azərbaycan qurumlarına iqtisadi cinayətlərin qarşısı almaq və mübarizə aparmaq, mediasiyanı təşviq etməklə məhkəmə islahatlarına dəstək vermək, bərabərliyi təşviq etmək, habelə qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısını almaq və onunla mübarizə aparmaq üçün institusional bacarıqların daha da gücləndirilməsində kömək etmək məqsədi daşıyır.

Azərbaycanın da iştirak etdiyi regional səviyyədə iqtisadi cinayətlərə qarşı mübarizə aparmaq, bərabərlik və ayrı-seçkiliyə yol verməmək, qadınların ədalət mühakiməsinə çıxış imkanlarını artırmaq üçün 3 layihə həyata keçirilir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et