Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna Fondu çərçivəsində Ukraynaya təxminən 3 milyard avro həcmində yeni vəsaitin ayrılmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, Ukraynanın yenidənqurma və islahatlarına dəstək məqsədilə yaradılan Ukrayna Fondu çərçivəsində 8-ci müntəzəm ödənişin həyata keçirilməsi barədə qərar qəbul edilib.
Növbəti ödəniş çərçivəsində ayrılacaq vəsaitin təxminən 800 milyon avrosu ilk dəfə Ukrayna Dəstək Krediti hesabına maliyyələşdiriləcək.
Aİ-nin qərarı Ukraynanın qarşısına qoyulan 10 hədəfi yerinə yetirməsindən sonra qəbul edilib. Ümumilikdə isə Ukraynanın fond çərçivəsində yerinə yetirməli olduğu 95 hədəfdən 84-nü artıq icra etdiyi bildirilib.
Açıqlamada həmçinin Norveçin Ukrayna Fonduna təxminən 92 milyon avro məbləğində qrant ayırması təsdiqlənib.
Bununla Norveç Aİ-nin Ukrayna Fondunun islahat və investisiya bölməsinə maliyyə töhfəsi verən ilk Aİ üzvü olmayan ölkə olub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra, 2024-cü ilin martında qüvvəyə minən Ukrayna Fondu ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsini dəstəkləmək məqsədi daşıyır. Fond çərçivəsində 2027-ci ilə qədər Ukraynaya 50 milyard avrodan çox qrant və kredit ayrılması nəzərdə tutulur.
