Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtlərini açıqlayıb | Banco.az

Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtlərini açıqlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi yalnız ölkənin davranışında real və təsdiqlənə bilən dəyişiklik baş verəcəyi halda mümkün ola bilər.

Banco.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.

Von der Leyenin sözlərinə görə, Avropa İttifaqının İrana qarşı sanksiyaları iki əsas istiqaməti əhatə edir: insan hüquqlarının pozulması və kütləvi qırğın silahları ilə bağlı məsələlər.

"Onları ləğv etməyi düşünməzdən əvvəl yerində real dəyişiklik olmalıdır. Sanksiyalar davranış dəyişikliyinə nail olmaq üçün tətbiq edilir. Əgər bu dəyişiklik etibarlı və təsdiqlənə bilən şəkildə baş verərsə, sanksiyalar ləğv oluna bilər", - deyə o vurğulayıb.

Avropa Komissiyasının prezidenti əlavə edib ki, insan hüquqlarının pozulması və kütləvi qırğın silahları ilə bağlı siyasətdə dəyişiklik olmadığı halda sanksiyaların aradan qaldırılması mümkün deyil.

Von der Leyen ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışladığını bildirərək, əsas prioritetin həmin razılaşmanın icrası olduğunu qeyd edib. O vurğulayıb ki, bu razılaşma daha geniş danışıqlara zəmin yaratmalı, İranın nüvə və ballistik raket proqramlarının dayandırılmasına xidmət etməlidir.

O, həmçinin Livanda davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edərək dərhal atəşkəsə və ölkənin suverenliyinə tam hörmət göstərilməsinə çağırıb.

Bundan əlavə, Von der Leyen Avropa İttifaqının "SAFE" (Avropa Təhlükəsizlik Fəaliyyəti) proqramı çərçivəsində Fransa ilə 15 milyard avro həcmində müdafiə krediti müqaviləsi imzalayacağını açıqlayıb.