Avropa İttifaqı avtomobil sənayesini qorumaq istəyir | Banco.az

Avropa İttifaqı avtomobil sənayesini qorumaq istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) üzv ölkələrdəki avtomobil istehsalçılarının ABŞ və Çin istehsalçıları ilə rəqabət apara bilməsi və elektrik modellərinə daha sürətli keçidi üçün nə edilməli olduğunu müəyyənləşdirməyə çalışır.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında bu gün Brüsseldə avtomobil istehsalçılarını və sosial tərəfdaşları bir araya gətirən Avropa avtomobil sənayesinin gələcəyinə dair strateji dialoq görüşünün keçirildiyini açıqlayıb.

Avropa avtomobil sektorunun kritik bir dövrdən keçdiyini vurğulayan fon der Leyen, “Avtomobil sektorunun keçid prosesində dəstək olacağıq. Bu gün qarşıdakı dəyişiklik prosesində bizə yol göstərəcək bir dialoqa başladıq,” – deyə bildirib.

Fon der Leyen bu dialoq vasitəsilə Aİ-nin avtomobil istehsalçıları ilə bağlı atacağı addımları müəyyənləşdirəcəklərini diqqətə çatdırıb.

O, görüşlərin 5 mart tarixində açıqlanacaq sənaye fəaliyyət planına töhfə verəcəyini və sektorun inkişaf etdirilərək qlobal rəqabət qabiliyyətinin artırılacağını qeyd edib.

Fon der Leyen avtomobil tarixinin Avropada yazıldığını xatırladaraq, bunun gələcəkdə də davam etməli olduğunu vurğulayıb.

Qeyd edək ki, son dövrlərdə Avropalı avtomobil istehsalçıları ABŞ və Çindəki rəqiblərindən geri qalırlar.

İstehsalçılar sektora daha çox dəstək göstərilməsini, Aİ-nin karbon emissiya hədəflərini aşağı salmasını və Avropa ölkələrində yerli istehsal olan elektrikli avtomobillərin alınmasının daha cəlbedici edilməsini tələb edirlər.

Avropada avtomobil sənayesində təxminən 13 milyon insan işləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram