Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ildə Azərbaycanda 1,1 faizlik iqtisadi artım qeydə alınıb. Rəsmi statistikaya görə, 2023-cü ildə iqtisadiyyatın neft-qaz sektorunda milli məhsul istehsalı 1,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,7 faiz artıb.
2023-cü ildə Azərbaycanda əsas kapitala yönəldilən vəsaitlərin həcmi 20 milyard 296,6 milyon manat təşkil edib. Bu rəqəm 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur.
2023-cü ildə əsas kapitala yönəldilmiş vəsaitlərin 80,9 faizini daxili vəsaitlər təşkil edib. Yola saldığımız ildə daxili vəsaitlərin payı 80,6 faiz, məbləği isə 14 milyard 718,9 milyon manat olub.
2023-cü il ərzində neft-qaz sektoruna qoyulmuş investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6840,0 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Son günlərdə Avropa ilə gərginləşən vəziyyət fonunda yaranmış vəziyyətin iqtisadiyyata təsirləri müzakirə mövzusudur.
Energetika naziri Pərviz Şahbazovun açıqlamasına görə, 2023-cü ilin 11 ayında Azərbaycanda neft-kondensat hasilatı 27,6 mln. ton, ixracı isə 23,1 mln. ton olub. Bu dövrdə 3.6% artımla hasil edilmiş 44 mlrd. kubmetr qazın 22.05 mlrd. kubmetri ixrac olunub.
Həmin ilin yanvar-noyabr aylarında qaz ixracı 9% artıb. Avropaya 10,85 mlrd. kubmetr, Türkiyəyə 8,7 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,1 mlrd.m3 qaz nəql edilib.
Ümumilikdə 2023-cü ilin yekunlarına görə Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz ixrac edib.
İqtisadçı-ekspert Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, hazırda siyasi gərginlik fonunda baş verənlər daha çox fraqmental xarakter daşıyır, müvəqqətidir:
“Azərbaycan və Qərb arasında iqtisadi münasibətlər əsasən enerji, resurs əsaslı iqtisadi münasibətlərdir. Azərbaycandan Avropa ölkələrinə, xüsusilə də Cənub Şərqi Avropa ölkələrinə neft-qaz ixrac edilir. Bu ixracın müəyyən bir qismi təxminən ümumi ixracın 10 faizi həcmində qeyri-neft məhsulları təşkil edir. Spesifik məhsullara əsasən kənd təsərrüfatı məhsulları daxildir.
Azərbaycanın iqtisadi inkişafı əsasən Qərb dəyərləri əsasında, Qərbə inteqrasiya yönümlüdür. Ola bilsin ki, müəyyən dövrlərdə qarşılıqlı ittihamlar meydana çıxıb. Bu da əslində bir tərəfdən işin təbii xüsusiyyəti, digər tərəfdən isə Azərbaycanın mövqeyi ilə əlaqədar proses kimi qiymətləndirilə bilər.
Mən düşünürəm ki, orta və uzunmüddətli dövrdə, Azərbaycanın iqtisadi münasibətlərinə böyük təsirlərdən söhbət getməyəcəkdir. Eyni zamanda bu istiqamətdə hər hansı bir sanksiyaların məhdudiyyətlərin tətbiqinə gətirib çıxaracaq addımlar atılmayacaq”.
İqtisadçı hesab edir ki, böyük ehtimalla 2024-cü ilin ikinci yarısından etibarən münasibətlərdə yenidən yumşalma müəyyən uzlaşmalar tapılacaq və istənilən halda Azərbaycan enerji məhsullarının neftini, qazını Avropaya ixrac etməkdə davam edəcəkdir.
“Doğrudur, bu kimi siyasi gərginliklər iqtisadiyyata müəyyən mənada neqativ təsir göstərə bilər. Son bir neçə ildə Azərbaycan və Avropa arasında sosial saziş imzalanacağı gözlənilirdi. Düşünürəm ki, bu prosesin ləngiməsinə gətirib çıxardır. Bu da bütövlükdə götürəndə Azərbaycanın müəyyən mənada Avropa ilə daha genişləndirilmiş iqtisadi münasibətlər qurması, Azərbaycanın qeyri resurs biznesinin subyektlərinin Avropa bazarlarına daha rahat şəkildə çıxması üçün imkanların yaradılması kimi gözləntiləri müəyyən dövr üçün təxirə düşməsi ilə nəticələnir”.
Amma bütövlükdə istiqamət aydındır. Hesab edirəm ki, proses hər iki tərəfdən rasional baxışlar əsasında öz məcrasına yönəldiləcəkdir”.
Bizi sosial şəbəkələrdən izləyin!!