Avropa AI yarışına hazırlaşır: Şirkətlər investisiyalarını artırır | Banco.az

Avropa AI yarışına hazırlaşır: Şirkətlər investisiyalarını artırır

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avropanın süni intellekt sahəsində qlobal rəqabətdən geri qalmamalı olduğunu bildirib.

Cenevrədə Dünya İqtisadi Forumunun qərargahında çıxış edən Laqard Avropanın əvvəlki texnoloji transformasiyalardan kifayət qədər faydalana bilmədiyini xatırladıb. Onun sözlərinə görə, informasiya və kommunikasiya texnologiyalarının geniş yayılmasından yaranan kommersiya imkanlarından əsasən digər regionlar yararlanıb və Avropa ilk rəqəmsal inqilabı böyük ölçüdə əldən verib.

AMB rəhbəri süni intellektin isə “ikinci rəqəmsal inqilab” kimi qiymətləndirilməli olduğunu deyib. Laqard Avropanın bu dəfə eyni səhvi təkrarlaya bilməyəcəyini vurğulayıb.

Bununla yanaşı, o, regionda müsbət meyillərin olduğunu qeyd edib. Laqardın istinad etdiyi sorğu məlumatlarına görə, Avrozonadakı şirkətlər bu il ümumi investisiyalarının təxminən 9 faizini süni intellekt texnologiyalarına yönəltməyi planlaşdırır.

Laqard Avropa şirkətlərinin qlobal rəqabət qabiliyyətini qoruması üçün texnologiyaya investisiyaların sürətləndirilməsinin vacib olduğunu bildirib. O, süni intellekt transformasiyasında həm dövlət, həm də özəl sektorun fəal rol oynamalı olduğunu vurğulayıb.

AMB rəhbərinin sözlərinə görə, süni intellektin yaratdığı yeni imkanlardan yararlanmaq Avropanın gələcək iqtisadi artımı və qlobal rəqabətdə mövqeyini qoruması baxımından mühüm əhəmiyyət daşıyır.