Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Bir neçə gündür Azərbaycanda avronun məzənnəsi bir manat doxsan qəpik həddini ötüb. Sonuncu dəfə belə bir hal 2023-cü ilin iyul ayında qeydə alınmışdı.
Banco.az xəbər verir ki, avronun yenidən bahalaşmasını ekspertlər müxtəlif səbəblərlə izah edirlər.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, müşahidə edilən artım təbiidir:
“Çünki avronun məzənnəsi dollara münasibətdə çarpaz yolla müəyyən edilir. Avro dollara münasibətdə möhkəmlənirsə, deməli manata münasibətdə də möhkəmlənir.
Hazırda bu artım səviyyəsini tarixi, pik adlandırmaq doğru olmazdı. Hələ beş il -on il bundan əvvəl avronun dollara münasibətdə məzənnəsi təxminən 1,31 -1.40 dollar səviyyəsində müşahidə edilib.
Qaydalara əsasən, dollar hansı valyutaya qarşı bahalaşırsa, manat da həmin valyutaya qarşı dəyər qazanır, dollar hansısa valyutaya qarşı ucuzlaşırsa, manat da həmin valyutaya nisbətdə ucuzlaşır”.
Ekspert qeyd edib ki, avro manat məzənnəsinin artması ixrac edilən məhsulların qiymətinə də təsir edə bilər:
“Daha çox idxal edilən məhsulların maya dəyərində kiçik həcmli də olsa, müəyyən artımlar müşahidə oluna bilər. O ki qaldı həmin artımların daxili bazarlarda son istehlak qiymətinə sirayət etməsinə hələlik bu barədə fərqli bir dinamika müşahidə edilməyib. Düşünürəm ki, bu mərhələli şəkildə baş verə bilər”.