Avro ilə dolların qiyməti bərabərləşə bilərmi? | Banco.az

Avro ilə dolların qiyməti bərabərləşə bilərmi?

Bütün dünyanı əhatə edən iqtisadi böhran fonunda, avronun kursunun dollara nisbətən şiddətlə aşağı enməsi bəzi ölkələri və iqtisadiyyat qurumlarını öz valyuta ehtiyatlarını dollar ekvivalentinə keçirməyə sövq edir. İqtisadçı ekspert Samir Əliyev mövcud vəziyyətlə bağlı öz fikirlərini bizimlə paylaşır.   

"Öz başlanğıcını ötən ildən götürən avronun məzənnəsinin dollara nisbətən aşağı enməsi yeni ildə də davam edir. Məlum olduğu kimi, ötən il Avropa valyutası 12% ucuzlaşaraq, $1,38 dollardan $1,26 dollara enib. Cari ilin ilk 10 günlüyündə isə avro 1% aşağı enib və 1,18 dollar həddinə düşüb. Ötən həftə isə avro son 9 ilik minimumunu yaşayıb.

Avronun məzənnəsinin aşağı düşməsi əgər bir tərəfdən dünya üzrə neftin qiymətlərinin aşağı düşməsi və ABŞ-da müşahidə olunan iqtisadi inkişaf fonunda dolların öz mövqeyini möhkəmləndirməsi ilə bağlıdırsa, digər tərəfdən səbəb Avropada yaşanan iqtisadi resessiyadır. Avropa Mərkəzi Bankı tərəfindən kəmiyyət yumşaldılması (QE) proqramının həyata keçirilməsi ehtimalı və o cümlədən Yunanıstandakı siyasi gərginlik avroya mənfi təsir göstərir.   

Proqnozlara əsasən, yaxın üç ayda avronun dollara nisbətən qiyməti 1,14 dollar olacaq. İlin sonunda isə onların qiymətləri arasındakı fərq isə, ümumiyyətlə, aradan qalxa bilər.

Ən sərfəli kredit üçün müraciət et

Avronun kursunun dünya bazarlarında aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşmədi. Bizim milli valyuta dollara bağlı olduğundan, dolların avroya nisbətdə dinamikası manata da öz təsirini göstərdi. Yanvar ayının ilk yarısında avro manata nisbətdə ucuzlaşaraq, 93,67 qəpikdən 92,45-ə  düşdü. Dünya bazarlarında avronun dollara nisbətən ucuzlaşması, eyni qaydada Azərbaycanda da avronun manata nisbətdə düşməsinə gətirib çıxaracaq.  

Azərbaycanda əmanətlər 3 valyutada saxlanılır – manat, dollar və avro. Cari ildə əmanətlər üçün ən etibarlı valyuta dollar olacaq. Amma nəzərə alsaq ki, dövlət milli valyutanın stabilliyinə zəmanət verir, onda manat da güvənilən valyuta olacaq, baxmayaraq ki, dünya iqtisadi arenasında baş verən hadisələr manatı daima təzyiq altında saxlayacaq.  

Mərkəzi Bankın valyuta ehtiyatları proqnozları ürəkaçan etməyə sövq edir. Heç də təsadüfi deyil ki, Mərkəzi Bank dekabrda cəmi 1,2 milyard dollar sərf etməklə milli valyutanın stabilliyini təmin edə bilib. Həmin müddətdə qonşularımızdan Rusiya, Türkmənistan, Qazaxıstan, Gürcüstan və Ermənistan devalvasiyaya getməyə məcbur olublar.  

Cari ildə də manatın məzənnəsinin qorunması hökumət üçün prioritet olaraq qalacaq. İlin ortalarına qədər ciddi təhlükə gözləməyə dəyməz. Xüsusən də neft bazarı bərpa olunarsa, manat üçün heç nə təhlükə kəsb etməyəcək. Əmanətləri avroda saxlamaq isə risklidir.  

Ən sərfəli krediti almaq üçün müraciət et