Asan imza nədir və ondan harda istifadə edilir? | Banco.az

Asan imza nədir və ondan harda istifadə edilir?

Asan İmza (Mobil imza) - Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir.

Asan İmza (Mobil ID) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. Asan İmza Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

Asan İmza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.

Asan İmza əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır. Asan İmzailə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.

Asan İmza vasitəsilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. Belə ki, elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər Asan İmza vasitəsilə icra edilir, Asan İmza mobil elekton imza xidməti artıq dövlət və özəl strukturların telefon-çağrı mərkəzlərinə də inteqrasiya edilib.

Ümumiyyətlə, bu xidmət sayəsində vətəndaşlar istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilərlər. Bütün dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq bir-birilərinə imzalanan sənədləri göndərə bilərlər. Bu isə nəticədə nağdsız ödənişlərin artmasına, vətəndaşla dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Asan İmza elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə bilərsiniz. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Asan İmzanı necə əldə etmək olar?

Asan İmza Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilir.İlk növbədə Asan İmza sim kartını əldə etmək üçün Asan Xidmət və ya digər məntəqələrdə yerləşən bütün mobil (Azercell, Bakcell, Nar) xidmət məntəqələrinə müraciət etmək lazımdır. Sim kartı əldə etdikdən sonra tələb olunan sənədlərlə birlikdə Asan Sertifikat Xidmətləri Mərkəzinə (Vergi ödəyicilərinə Xidmət Mərkəzinə və ya Asan Xidmətdə fəaliyyət göstərən ASXM)  müraciət etmək lazımdır. Burda aidiyyatı sənədlər doldurulduqdan sonra müqavilə bağlanılır və Asan İmza aktiv edilir.

Asan İmza Sim-kart üzrə Sertifikat 1 (bir) iş günü ərzində verilir və Asan İmza sertifikatları 3 il ərzində etibarlıdır. Asan İmza xidmətində istifadə etmək ödənişlidir. Aylıq abunə haqqı mobil operatordan asılı olaraq dəyişir.

Asan İmza PIN kodları Asan İmza SIM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Yeni Asan İmza SIM kartının pozulan sahəsi zədələnməməlidir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1 və imza üçün yalnız PIN2 tələb olunur.

Nüsrət XƏLİLOV, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et