Sentyabrın 10-da Azərbaycan Sığortaçılar Assosasiyasının təşkilatçılılığı ilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən21 aktuarinin iştirakı ilə görüş keçirilib.
Görüşdə avtomobillərin könüllü sığortası tarifləri ilə bağlı müzakirələr aparılıb. Xidmətin nümayəndələri bildiriblər ki, bu sığorta növündə sığorta tarifləri hesablanarkən “Aktuar hesablamaların aparılmasına dair Təlimat”ın tələblərinə riayət olunmalıdır. Belə ki, hər bir aktuari hesabladığı tarifi buna uyğun müəyyən etməlidir. Hər bir sığorta şirkətinin məsul aktuarisi kasko sığorta ilə bağlı tarifləri müəyyən edən zaman bunu əsaslandırmalıdır.Yəni,avtomobil sığortası bazarında rəqabət mühitini nəzərə alaraq müəyyən edilən orta tarifdən aşağı tarif verilərsə, bunun səbəbləri izah edilməlidir.
Məqsəd ondan ibarətdir ki, avtomobilin könüllü sığortası ilə bağlı tariflər doğru müəyyənləşdirilərək zərərliyin sığortaçıların maliyyə sabitliyinə zərər vura biləcək səviyyəyə qalxmasının qarşısı alınsın. Müzakirə zamanı bildirilib ki, qeyd olunan tələblərə riayət edilməməsi aktuarilərin məsuliyyətə cəlb edilmələrinə səbəb olacaq.