Arıçılar da subsidiya istəyirlər - BAL BİZNESİ CİDDİLƏŞİR | Banco.az

Arıçılar da subsidiya istəyirlər - BAL BİZNESİ CİDDİLƏŞİR

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşə assosiasiyanın rəhbər heyəti, fərdi arıçılıq təsərrüfatının təmsilçiləri qatılıblar.

Nazirlikdən verilən məlumata görə, görüşdə İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığı vacib saydığını deyib. Bu məqsədlə nazirlikdə struktur dəyişiklikləri aparıldığını deyən nazir qurumun tərkibində fermerlərlə, assosiasiyalarla və kooperativlərlə iş şöbəsinin yaradıldığını xatırladıb. İnam Kərimov daxili bazarda keyfiyyətli, ekoloji təmiz arıçılıq məhsullarına böyük ehtiyac olduğunu deyib, bal və digər arıçılıq məhsullarının ixrac potensialının artırılmasının vacibliyini də vurğulayıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri, “Api-Delta” arıçılıq şirkətinin direktoru Bədrəddin Həsrətov qurumun 2015-ci ildə yaradıldığını, hazırda 5 şəhər və 44 rayonda assosiasiyanın yerli bölmələrinin fəaliyyət göstərdiyini vurğulayıb. Arıçılığın spesifik sahə olduğunu bildirən assosiasiya sədri qeyd edib ki, ölkə üzrə təsərrüfatlarda təxminən 300 min arı ailəsi var. Azərbaycanda ildə 3 min ton bal istehsal olunduğunu deyən Bədrəddin Həsrətov bu sahəyə subsidiya verilməsini, arıçılıq sektoruna dövlət dəstəyini vacib sayıb. Subsidiyaların verilməsi ilə əlaqədar arı ailələrinin qeydiyyata alınması prosesinə Arıçılar Assosiasiyasının da cəlb olunmasını təklif edən sədr bildirib ki, bu sahədə görüləcək kompleks tədbirlər daxili bazarın tam şəkildə yerli məhsulla təmin olunmasına və xarici ölkələrə məhsul ixracına imkan verəcək.

Görüşdə çıxış edən “Dəlidağ” arıçılıq təsərrüfatının rəhbəri Sabir Mustafayev, “AQS Group” şirkətinin rəhbəri Natiq Mədətov, “Balçı” arıçılıq təsərrüfatının rəhbəri, fərdi təsərrüfatçılar Şahin Cəfərov, Şəhriyar Nurullahi, Qadir Mustafayev arıçılıq sektorunda mövcud vəziyyəti təhlil edib, bu sahənin inkişafına dair çoxsaylı təkliflər səsləndiriblər. İştirakçılar bal yarmarkalarının təşkili, daimi bal satışı mərkəzlərinin, arılar üçün yem bazasının yaradılması, arıçılıq kooperativlərinin təsis olunması, seleksiya işlərinin aparılması, arı xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili, təsərrüfatların mexanikləşdirilməsi, “Aqrolizinq”in xətti ilə ölkəyə arı pavilyonlarının gətirilməsi, nektar bazasını artırmaq üçün xüsusi bitkilərin əkilməsi, arıçılıq təsərrüfatlarının işinin düzgün təşkilinə yardım üçün kredit ittifaqlarının yaradılması, Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Nazir İnam Kərimov arıçılar arasında maarifləndirmə işinin aparılmasının vacib olduğunu deyib. Rayon və şəhərlərdə Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) yaradıldığını xatırladan nazir bildirib ki, DAİM-lərdə aqrar sektorun müxtəlif sahələrinə dair qrafik üzrə təlimlər keçiriləcək, bu təlimlərə arıçılar da aktiv cəlb olunacaqlar. İnam Kərimov arıçıların yaxın müddətdə DAİM-lərin fəaliyyətinin effektini açıq şəkildə hiss edəcəyini bildirib, onları bu mərkəzlərlə sıx əlaqə qurmağa çağırıb.

Bal ilə bağlı ekoloji təmiz məhsul standartının müəyyənləşməsinə ehtiyac olduğunu vurğulayan nazir arıçılıq məhsulları ilə bağlı brendlərin yaradılmasını vacib sayıb. İnam Kərimov arıçılıq təsərrüfatlarının assosiasiya şəklində birləşməsini müsbət hal kimi dəyərləndirib, zamanla bu sektorda kooperativləşmə gedəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə assosiasiya üzvlərinin irəli sürdüyü təkliflərin proqram şəklində nazirliyə təqdim olunmasını təklif edən nazir diqqətə çatdırıb ki, ölkədə fəaliyyət göstərən assosiasiyalarla rübdə bir dəfə görüşməyi nəzərdə tutur.

fed.az