ARDNŞ-dən müjdə: 15 minə yaxın iş yeri yaradılacaq | Banco.az

ARDNŞ-dən müjdə: 15 minə yaxın iş yeri yaradılacaq

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz sektorunun mühüm tərkib hissəsi olan müasir qaynaq texnologiyalarına yiyələnməklə bağlı fəal işlər aparır. 
Bu barədə çərşəndə axşamı ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov "Yeni texnologiyalar və sənayedə qaynaq materialları istehsalı" adlı seminarda deyib.
Onun sözlərinə görə, hazırda ARDNŞ-nin struktur yarımbölmələrində qaynaq işləri sahəsində iki mindən artıq mütəxəssis çalışır.
Məmmədov deyib ki, bu istiqamətin inkişafı ölkədə iri layihələrin reallaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. O cümlədən, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşması çərçivəsində 15 minə yaxın iş yeri yaradılacaq ki, bundan təkcə 4-5 mini qaynaqçı mütəxəssislərin payına düşəcək.
Habelə, onun sözlərinə görə, mütəxəssislər yeni neft-qaz emalı və neft-kimya məhsulları istehsalı kompleksinin tikintisi layihəsinin həyata keçirilməsində də mühüm rol oynayırlar.
"Şahdəniz-2" layihəsi çərçivəsində ildə əlavə olaraq 16 milyard kubmetr qaz hasil etmək üçün iki dəniz platforması quraşdırılacaq və 20-dən artıq sualtı quyu qazılacaq. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı ildə 24 milyard kubmetri ötəcək.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et