ARDNF-in yeni inzibati binasını kim sığortaladı? | Banco.az

ARDNF-in yeni inzibati binasını kim sığortaladı?

“AtaSığorta” şirkəti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasını sığortalayıb. Bu barədə fondun elanında deyilir.

“AtaSığorta” müvafiq tenderin qalibi elan edilib. Onunla dekabrın 30-da ARDNF-in H.Əliyev prospekti, 111 A ünvanında yerləşən yeni binasının sığortalanması haqqında müqavilə bağlanılıb”, - deyə elanda bildirilir.

Müqaviləyə fondun Bakıdakı 22 mərtəbəli binasının və bütün texniki obyektlərinin (qazanxana, elektrik yarımstansiyası, soyutma və isitmə sistemlərinin) icbari sığortası, daşınan əmlakın sığortası, eləcə də daşınmaz əmlakın istismarının icbari sığortası daxildir.

“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir. Şirkətin ödənilmiş nizamnamə kapitalı 10 mln. manata bərabərdir. “AtaHolding” şirkətin yeganə səhmdarıdır

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin yanvar-noyabr ayları ərzində şirkətin sığorta haqları 8,6 mln. manat, ödənişləri 3,5 mln. manat təşkil edib.

ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

interfax.az