Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple”ın Hindistandan “iPhone” ixracı iki dəfə artıb.
Banco.az xəbər verir ki, “Apple” firmasının Hindistandan ixrac etdiyi “iPhone” modellərinin sayı aprel-dekabr dövründə bütün ötən maliyyə ili ilə müqayisədə təxminən iki dəfə artıb. Bu, ABŞ-ın texnologiya nəhənginin Çinlə artan geosiyasi risklər səbəbindən digər bazarlara meylini sürətləndirdiyini göstərir.
Mövzuya yaxın mənbələrdən verilən məlumata görə, dünyanın ən dəyərli şirkəti “Apple”ın tədarükçüləri “Foxconn Technology” və “Wistron” 2023-cü ilin martında başa çatacaq maliyyə ilinin ilk 9 ayında hər biri 1 milyard dollardan çox ixrac həyata keçirib.
Digər böyük tədarükçü “Pegatron”un isə yanvarın sonuna qədər təxminən 500 milyon dollar dəyərində ixracat reallaşdıracağı gözlənilir.
Xatırladaq ki, Pekin hökumətinin virusla mübarizə yanaşması çərçivəsində ən böyük “iPhone” istehsal müəssisələrində istehsalın azalması ilə “Apple” firması ən son “iPhone” modellərini ötən ildən etibarən Hindistanda istehsal etməyə başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!