Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin tənzimlənməsi qaydalarına edilən dəyişikliklər Azərbaycanda yeni maliyyə məhsullarının inkişafına şərait yaradacaq.
Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev Azərbaycan Maliyyə Forumunda deyib.
Onun sözlərinə görə, BOKT-ların aktivləri 2024-cü ilin sonuna 1 milyard manata çatıb ki, bu da 2020-ci illə müqayisədə 3 dəfədən çox, keçən illə müqayisədə isə 24% çoxdur.
O qeyd edib ki, Mərkəzi Bankın kredit təşkilatlarının inkişafının dəstəklənməsinə yönəlmiş yeni qaydaları sayəsində 2025-ci ildə daha da artım gözlənilir. Bundan əlavə, BOKT-ların nizamnamə kapitalı 2020-ci ildəki 141,4 milyon manatdan 2024-cü ilin sonuna 456,4 milyon manata yüksəlib. Sektorun xalis mənfəəti 231 milyon manat, verilən kreditlərin ümumi həcmi isə 800 milyon manatı ötüb.
“BOKT-ların fəaliyyətinin tənzimlənməsində dəyişikliklər maliyyə xidmətlərinin əlçatanlığının genişləndirilməsində, əlavə xidmətlərin göstərilməsi üçün yeni imkanların açılmasında və innovativ kredit məhsullarının inkişafında mühüm rol oynayacaq”, - deyə C.Əliyev vurğulayıb