AzQR biznesin xərclərini ciddi azaldacaq.
IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov deyib.
O bildirib ki, son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Onun sözlərinə görə, bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklər həyata keçirib və bu islahatlar 2024–2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyasına uyğun icra olunur.
Vüsal Xəlilov qeyd edib ki, islahatların əsas istiqaməti hüquqi-normativ bazanın təkmilləşdirilməsi ilə yanaşı, bazar iştirakçılarının tələblərinə uyğun davamlı yeniliklərin tətbiqidir. O bildirib ki, artıq ölkədə vahid AZQR standartının tətbiqi mərhələsi yekunlaşıb və QR ödənişlərinin standartlaşdırılması bütün ölkə üzrə təmin edilir.
Onun sözlərinə görə, Ani Ödənişlər Sistemi üzrə ödənişlər 25 dəfə artıb və bu sahədə ciddi yüksəliş qeydə alınır. V.Xəlilov vurğulayıb ki, ani ödənişlər və AZQR standartı həm regionlarda, həm də Bakı üzrə nağdsız ödənişlərin genişlənməsinə, xərclərin azalmasına imkan verəcək. Bu isə həm vətəndaşların, həm də sahibkarların ödəniş xərclərini əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur.
apa
