AMB-də aparıcı kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib | Banco.az

AMB-də aparıcı kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyatın real sektorunun kreditləşməsinin aktivləşdirilməsi, biznes kreditlərinə üstünlük verilməsi, güzəştli kreditlərin daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, istehlak kreditlərinin optimallaşdırılması və digər isiqamətlərə dair verdiyi tapşırıqların icrasının növbəti qiymətləndirilməsi üçün 3 mart 2020-ci il tarixində Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası və aparıcı kommersiya banklarının rəhbərləri ilə birgə görüş keçirilib.

Qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılıb, cari ilin əvvəlindən bank sektoru üzrə biznes kreditlərinin dinamikası dərindən təhlil olunub. Mərkəzi Bank tərəfindən bütün banklara, xüsusən aparıcı banklara biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verilmişdir. Müzakirələrdə biznes kreditlərinin təşviqi istiqamətində tətbiq edilən prudensial tənzimləmə tələblərinin təsiri də qiymətləndirilib.

Görüşdə istehlak kreditlərinin optimallaşdırılması üzrə görülən tədbirlər də geniş müzakirə olunub. Bildirilib ki, bütövlükdə istehlak kreditlərinin artım tempini tənzimləmək üçün yeni requlyativ normalar qəbul olunub.

Ən sərfəli kredit üçün müraciət et

Regionlarda, xüsusən də kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması məsələləri ətraflı müzakirə olunub. Vurğulanıb ki, maliyyə-bank sektorunun qarşısında qoyulan əsas vəzifələrdən biri kimi mövcud kreditləşmə institutlarının regional fəaliyyətlərinin gücləndirilməsi, xüsusilə kənd təsərrüfatının kreditləşməsinin təminat məsələlərinin tənzimlənməsi imkanları diqqət mərkəzində saxlanılmalıdır.

Bütövlükdə, real sektorun, eləcə də regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, resurslara çıxış imkanlarının yaxşılaşdırılması, ölkədə istehlak kreditləşməsinin optimallaşdırılması üzrə bank sektorunun qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinin mühüm şərti kimi bank sisteminin sabitliyinin qorunmasının vacibliyi vurğulanmış və bununla əlaqədar banklarda daxili nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də risk menecment potensialının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et