Şirkət ildə bir dəfə olmaqla “Amazon Fulfillment Center”da tam günlük işləyən və işdən çıxmaq istəyən insanlara 5 min dollar ödəyir. Bu qayda “Amazon”da minimum 1 il işləmiş şəxslərə şamil olunur. İşdən çıxmaq istəyən insanlar bir daha “Amazon”da çalışa bilməz.
Şirkətin mətbuat katibi Melani Etçes bu mövzuya toxunub:
“Biz yolumuza şirkətdə, həqiqətən, işləmək istəyən insanlarla davam etmək istəyirik. Çünki uzunmüddətli dövrdə bir şəxsin sevmədiyi bir yerdə işləməsi həm özü, həm də müəssisə üçün zərərli olar”.
Həmçinin oxu: Münasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI
Şirkətdə ən az bir il işlədikdən sonra işdən ayrılmaq istəyən şəxlərə 2000 dollar ödənilir. İşlədiyi hər əlavə il üçün 1000 dollar da ödənilir. Beləliklə, işçi maksimum 5 min dollaracan vəsait ala bilir.
“Pay to Quit” (“İşdən çıxmaq üçün ödəniş”) adlanan bu proqram ilk dəfə digər e-ticarət portalında – “Zappos”da həyata keçirilmişdi. Qeyd edək ki, 2009-cu ildə “Amazon” adıçəkilən şirkəti satın alıb. “Zappos” yeni işçilərə bir ay möhlət verirdi. Həmin işçilər şirkətdə işləməkdən məmnun olmadıqları halda “Zappos” 1000 dollar məbləğində ödəniş edərək onlarla əlaqəsini kəsirdi.
Ceff Bezos 2014-cü ildə investorlarına göndərdiyi məktubda belə deyir:
“Bizim məqsədimiz insanlara şərait yaratmaqdır ki, dərindən nəfəs alıb nə istədiklərini düşünə bilsinlər”.
Heyətin işə götürülməsi və işdən çıxarılması xərcləri bir qayda olaraq yüksəkdir. Bunu nəzərə alsaq, insanları işdən çıxdıqları üçün mükafatlandırmaq məntiqə zidd gəlir. Lakin iş yeri mədəniyyəti sahəsində peşəkar olan Maykl Burçel deyir:
“Bu yanaşmanın tətbiq olunması içilərin qarşılıqlı əlaqələrinə müsbət təsir göstərir, həmçinin uzunmüddətli dövrdə xərcləri azaldır. Ödəniş təklifindən imtina edərək işdə qalmağı seçənlər daha yaxşı və daha məhsuldar işləməyə davam edirlər, bu da yekunda “Amazon”a mənfəət gətirir”.
Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər
Aparılan araşdırmalar da bunu təsdiqləyir. “Gallup”ın apardığı araşdırmaya görə, əməkdaşları öz iş yerinə bağlı olan şirkətlər rəqiblərinə nəzərən 21% daha yüksək nəticələr göstərir. Şimali Karolina Universitetinin araşdırması isə göstərir ki, işçiləri tərəfindən sevilən şirkətlərin 3 illik böyümə nisbəti digərlərindən 2,3 dəfə daha yüksəkdir.
“Amazon”un təklif etdiyi ödənişi işini sevməyən və iş mühitindən razı olmayan şəxslər seçir. Bu işçilərin uzunmüddətli dövrdə “Amazon”a həmin ödənişdən daha baha başa gələcəyi bildirilir. İşində xoşbəxt olmayan və qeyri-məhsuldar işləyən əməkdaşlar il ərzində orta hesabla 70 000 dollar qazandırırsa, 23 800 dollar da xərc formalaşdırır.
İlk baxışda elə görünə bilər ki, “Amazon” lüzumsuz yerə maliyyə itkisinə səbəb olur. Lakin şirkət işini sevən məhsuldar əməkdaşları ilə birlikdə daha yüksək nailiyyətlər əldə edəcək.