Vaxtımızın ən məhsuldar hissəsi iş yerimizdə keçir. Ona görə də işdə keçirdiyimiz zamandan zövq almaq istəyirik. Və imtiyazlar, təbii ki, buna zəmin yaradır. İşəgötürənlər bunu anlayır və kreativ yollar axtarırlar ki, işçilər özlərini dəyərli və lazımlı hiss etsinlər. Söhbət yalnız pulsuz qəlyanaltılardan getmir. Şirkətlərin əksəriyyəti işçilərinə analıq məzuniyyəti, tibbi sığorta və asudə vaxtın ödənilməsi də daxil olmaqla bir çox imtiyazlar verirlər. Bəzi şirkətlər isə öz bonusları və güzəştləri ilə fərqlənir.
Həmçinin oxu: Niyə işçiləri nəticəyə görə deyil, səylərinə görə mükafatlandırmaq lazımdır?
Əməkdaşlarına pulsuz burgerlər, kitablar, “Star Wars“ stilində şənliklər və s. kimi unikal imkanlar təklif edən 12 şirkət haqqında məlumatı təqdim edirik.
“International Cruises & Excursions” şirkətinin öz əməkdaşlarına xidmət göstərən manikür salonu var. Manikür salonu Arizona ştatının Skottsdeyl şəhərində yerləşir. Şirkət həmçinin işgüzar yubileylər münasibətilə pulsuz səyahət imkanı verir; pulsuz masaj, fitnes mərkəzi, səyahət endirimləri təqdim edir.
“Casper” öz əməkdaşlarına şirkətdə işləməyə başlayan kimi pulsuz yastıqlar, döşəklər və s. verir. Üstəlik işçilər iş saatları daxilində ofisdəki “yuxu kapsulu”nda mürgüləyə də bilərlər. “Yuxu kapsulları”nın içində rahat çarpayı da mövcuddur. “Glassdoor” saytının məlumatına əsasən, şirkət əməkdaşlara pulsuz matras paketi verir, həftədə iki dəfə nahar təşkil edir, idmanla məşğul olmaq üçün endirimlərlə təmin edir və s.
“SADA Systems” hər il “Star Wars” tərzində şənlik keçirir. Həmin şənliklərdə əməkdaşlar lazer qılıncları ilə döyüşürlər və birlikdə əfsanəvi filmlərə baxırlar. Hər ilin 4 mart tarixində “May the Fourth Be With You” adlanan bu şənlik keçirilir.
“BambooHR” əməkdaşlarına öz ad günlərini qeyd etmək üçün ödənişli bir günlük istirahət verir. Çox şirkət ad gününü ödənişli məzuniyyət üçün yetərli səbəb kimi görmür. Lakin BambooHR fərqli düşünür. Bir əməkdaş “BambooHR”ın bloqunda şirkətin bu təkliflərini çox yüksək qiymətləndirdiyini yazıb. Çünki həmin günü sırf ürəyi istədiyi kimi keçirib.
“Disney” əməkdaşlarının tematik parklara pulsuz giriş, o cümlədən şirkətin restoranlarına, otellərinə, kruizlərinə və onun reklam məhsullarına endirim kimi təklifləri var. Əgər siz “Walt Disney Company” əməkdaşısınızsa, onda iş yeri sizin üçün dünyada ən xoşbəxt yer ola bilər.
“Timberland” öz əməkdaşlarına könüllü işləmək üçün haqqı ödənilmiş istirahət günləri təklif edir. İşçilər 6 aya qədər məzuniyyət götürüb qeyri-kommersiya təşkilatlarında könüllü kimi çalışa bilərlər. Şirkət “Yer günü” və “Serve-a-palooza” günlərində qapılarını bağlayır ki, əməkdaşlar korporativ və könüllü layihələrdə iştirak edə bilsinlər.
Həmçinin oxu: Xəyallarınızdakı işi necə tapa bilərsiniz?
“Pinterest” yeni valideyn olan əməkdaşlara 3 aylıq ödənişli məzuniyyət və uşaq qulluq paketi verir. Əməkdaşlar işə qayıtdıqdan sonra isə bir ay natamam iş vaxtında çalışa bilərlər. Hətta uşaq sahibi olduqdan sonra iş yerinə qayıtmaq barədə iki kurs almaq imkanına da sahibdirlər.
“Penguin Random House” əməkdaşlara müəyyən sayda pulsuz kitablar verir. İşçilər bunları hədiyyəlik kitab siyahısındakı kitabların içindən seçir. Şirkət həmçinin məzuniyyət, yay cümə günləri və s. üçün maraqlı imkanlar təqdim edir.
“Taco Bell” yeni kadrları pulsuz yemək və “işədüzəlmə şənlikləri” ilə cəlb edir. Bu tədbir potensial yeni işçilərə HR menecerləri ilə görüşmək, oyun oynamaq, yemək yemək və dərhal iş müsahibəsindən keçmək imkanı təqdim edir. Tədbir iştirakçıları brend breloklar, stikerlər və futbolkalar da daxil olmaqla pulsuz reklam məhsulları alırlar.
“Houzz” əməkdaşlarını ofisdə geyinmək üçün başmaqlarla təmin edir. Bu şirkətin ofislərində dikdaban və s. ayaqqabılar vacib şərt deyil.
“Airbnb” işçilərə 2000 dollar məbləğində təqaüd verir ki, dünyanı gəzə və istədikləri yerləşmə məntəqəsində qala bilsinlər.
“In-N-Out” restoranlar şəbəkəsində işçilər hər növbədə pulsuz “Double-Double burger” və kartof fri yeyə bilər.
Həmçinin oxu: Münasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI
Nigar Umaxanlı, Banco.az