Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə 6 min manat birdəfəlik müavinət veriləcək
Banco.az xəbər verir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, bu kateqoriyadan olan şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat məbləğində birdəfəlik müavinət veriləcək.
“Mövcud qanunvericiliyə görə, bu şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan məbləğdə (5017,5 manat) birdəfəlik müavinət, həmçinin paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq və ya onların əvəzinə 265 manat pul kompensasiyası alırdılar. Yeni dəyişikliyə əsasasən, daha səmərəli sosial təminat məqsədilə, pul kompensasiyası da müavinətin tərkibinə daxil edilərək məbləğ 6 min manat olaraq müəyyən edilib.
Bu müavinəti almaq hüququ olan şəxslər yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə, "DOST" mərkəzlərinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilərlər”.
Müraciət zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:
- Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti
- Əmək kitabçasının surəti
- Valideynlərin ölüm haqqında şəhadətnaməsi və ya Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı
Vüqar Bayramov əlavə edib ki, bəzi müavinətlərlə bağlı məlumatlılığın az olduğunu nəzərə alaraq, belə ödənişlərin proaktiv şəkildə, yəni əlavə sənəd tələb olunmadan elektron qaydada təyin edilməsi daha məqsədəuyğundur.