Tamara Mustafayeva, Banco.az
Almaniyada İstehsalçı Qiymətləri İndeksi (PPI) yüksək enerji qiymətlərinin təsiri ilə ötən ay 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,8 faiz artaraq rekord səviyyəni saxlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) sentyabr ayı üzrə sənaye PPI məlumatlarını açıqlayıb.
Buna görə, ölkədə İstehsalçı Qiymət İndeksi sentyabr ayında avqust ayı ilə müqayisədə 2,3 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 faiz artıb.
Bloomberg sorğusuna görə, gözlənti aylıq 1,5 faiz, illik 45,4 faiz artım idi.
Avqust və sentyabr aylarındaki artım məlumatların saxlanmağa başlandığı 1949-cu ildən bəri ən güclü illik qiymət artımı olub və bunun əsas səbəbinin enerji qiymətlərindəki yüksək dəyişikliklər olduğu bildirilib.
"Destatis"in açıqlamasına görə, 2022-ci ilin sentyabr ayında enerji qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə orta hesabla 132,2 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!