Almaniya, keçən il 294 milyard dollar ilə dünyada tədiyyə balansı ən yüksək profisit verən ölkə olub. Almaniya ardıcıl üçüncü dəfədir birinci yeri tutur.
Almaniya İqtisadi Araşdırmalar İnstitutu (Ifo) tərəfindən verilən açıqlamaya görə, ötən il Almaniyanın mal, xidmət və kapital axınını ölçən tədiyyə balansının profisiti ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 7,4%-nə geriləyib. Buna baxmayaraq Almaniya, 2018-ci ildə 294 milyard dollar ilə dünyada ən yüksək profisiti olan ölkə olub.
Almaniyanın ardınca 173 milyard dollarla Yaponiya gəlir. Rusiya 116 milyard dollarla üçüncü yeri tutur. Yaponiyanın tədiyyə balansının profisiti ÜDM-nin 3,5%-nə, Rusiyanın profisiti isə ÜDM-nin 7%-nə bərabərdir.
Ifo-ya görə, dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ, keçən il 455 milyard dollarla dünyada tədiyyə balansının kəsiri ən yüksək olan ölkə olub. Sözügedən rəqəm, ölkənin illik ÜDM-nin 2,3%-nə bərabərdir.
Çinə qarşı "yüksək ticarət kəsirini azaltmaq üçün" tarif müharibələri başlatmasına baxmayaraq, ABŞ-ın kəsirinin ötən il 5 milyard dollar artması diqqəti çəkir. Keçən il ABŞ-ın Çinə ixracı əhəmiyyətli dərəcədə azalıb, bu ölkədən idxalı isə güclü bir şəkildə artmaqda davam edib.
Ifo-nun məlumatlarına görə, Çin artıq ən yüksək artıqlıq (profisit) verən ilk üç ölkə arasında yer almır. Tədqiqatda bunun səbəbi olaraq, ölkənin 2025-ci il strategiyasına əsasən maşın idxalına üstünlük verməsi göstərilib.
marja