Müəllif - Fərid İslamov - Banco.az
Avropa Mərkəzi Bankı (AİB) ABŞ administrasiyasının ticarət siyasətinin yaratdığı qeyri-müəyyənliklər fonunda inflyasiya ilə mübarizədə səylərini zəiflədə bilməz, bunu AİB prezidenti Kristin Laqard bildirib.
“Biz artıq demək olar ki, lazım olan yerdəyik, lakin orada qalmalıyıq, ona görə də deyirəm ki, mübarizə daimi olmalıdır,” - deyə o, bazar ertəsi France Inter Radio-ya verdiyi müsahibədə qeyd edib.
Keçən ilin iyun ayından bəri AİB altı dəfə faiz dərəcələrini 25 baza bəndi azaldıb. Lakin 17 aprel tarixində keçiriləcək iclasda hansı qərarın qəbul ediləcəyi barədə tənzimləyicinin rəhbərliyində fikirlər müxtəlifdir.
Şübhələr, ABŞ Prezidenti Donald Trampın 2 aprel tarixindən etibarən ABŞ-ın ticarət tərəfdaşlarına qarşı güzgü rüsumları tətbiq etmək planları ilə bağlıdır. Belə bir addımın inflyasiya və iqtisadiyyata necə təsir edəcəyi hələlik məlum deyil.
“Biz hamımız 2% səviyyəsində olan inflyasiya hədəfinə çatmaq məqsədinə tamamilə qərarlı şəkildə bağlıyıq,” - deyə Laqard bildirib. O, hədəfə doğru irəliləyiş tempinə dair fərqli fikirlərin olduğunu vurğulayıb. AİB rəhbəri, qarşıda hansı maneələrin yaranacağını gözləyib görməyi üstün tutur.