Aİ İsraillə Tərəfdaşlıq Sazişini nəzərdən keçirəcək | Banco.az

Aİ İsraillə Tərəfdaşlıq Sazişini nəzərdən keçirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ İsrailə ticarət imtiyazları verən Tərəfdaşlıq Sazişini nəzərdən keçirəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri İclasından sonra jurnalistlərə açıqlama verən Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas Niderlandın Aİ-İsrail Tərəfdaşlıq Sazişinin yenidən nəzərdən keçirilməsi ilə bağlı təklifinə üzv ölkələrin böyük əksəriyyətinin dəstək verdiyini bildirib.

Aİ-nin Ali Nümayəndəsi, “Bu səbəbdən bu işi başladacağıq. Bu zaman ərzində humanitar yardımın qarşısının alınmaması məsələsi İsrailin üzərinə düşür,” deyə qeyd edib.

Jurnalistlərin bu nəzərdən keçirmə prosesinin nə zaman nəticə verəcəyi ilə bağlı suallarına cavabında Kallas bildirib: “Biz bu işi başlayırıq və bu arada, humanitar yardımın yenidən başlamasını və vəziyyətin yaxşılığa doğru dəyişməsini ürəkdən ümid edirik.”

Xatırladaq ki, Avropa İttifaqı İsrailin ən böyük ticarət tərəfdaşıdır.

2000-ci ildə qüvvəyə minmiş Aİ-İsrail Tərəfdaşlıq Sazişi tərəflər arasında siyasi dialoq və iqtisadi əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edir.

Sazişin ikinci maddəsi isə tərəfdaşlığı “İnsan hüquqlarına və beynəlxalq hüquqa sadiqlik” şərtilə bağlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram