Aİ fermerləri Rusiya və Belarusdan gələn gübrələrə rüsumların artırılmasının bir il təxirə salınmasını istəyiblər | Banco.az

Aİ fermerləri Rusiya və Belarusdan gələn gübrələrə rüsumların artırılmasının bir il təxirə salınmasını istəyiblər

Müəllif -  Eldar Kərimov - Banco.az

Avropa fermerləri Avropa İttifaqı hakimiyyətini Rusiya və Belarusdan gələn gübrələrə idxal rüsumlarının artırılmasını bir il təxirə salmağa çağırıb ki, bazarın uyğunlaşmağa vaxtı olsun. Bu barədə Aİ fermer ittifaqları birliyi "Copa-Cogeca" bəyanat yayıb.  

Avropa Komissiyası daha əvvəl 2025-ci ilin iyul ayından etibarən bu ölkələrdən azotlu və mürəkkəb gübrələrə idxal rüsumlarını mərhələli şəkildə qadağanedici səviyyəyə qədər artırmağı təklif etmişdi.  

Belə ki, azotlu gübrələr üçün 1 iyul 2025-ci ildən mövcud 6,5% advalör dərəcəsinə əlavə olaraq ton başına 40 avro rüsum tətbiq edilməsi təklif olunur. 2026-cı ilin iyulundan bu xüsusi dərəcə ton başına 60 avroya, 2027-ci ilin iyulundan 80 avroya, 2028-ci ilin iyulundan isə 315 avroya qaldırılacaq.  

Mürəkkəb gübrələr üçün isə xüsusi dərəcə 1 iyul 2025-ci ildən ton başına 45 avro təşkil edə bilər və sonradan 70, 95 və 430 avroya qədər yüksələcək.  

Üçillik keçid dövründə maksimum rüsum dərəcəsi Rusiya və Belarusdan Aİ-yə müəyyən edilmiş həddən (1 iyul 2025 - 30 iyun 2026-cı il üçün 2,7 milyon ton, 1 iyul 2026 - 30 iyun 2027-ci il üçün 1,8 milyon ton, 1 iyul 2027 - 30 iyun 2028-ci il üçün 0,9 milyon ton) artıq idxal edilən gübrələrə tətbiq olunacaq.  

"Copa-Cogeca" rüsumların artırılmasının təxirə salınması ilə yanaşı, bu tədbirin yalnız azotlu gübrələrə şamil edilməsini və Rusiya və Belarusdan gübrə idxalı kvotalarının Ukraynadakı hərbi əməliyyatlar başlamazdan əvvəlki idxal səviyyələrinə uyğunlaşdırılmasını tələb edir.  

Birləşmə həmçinin Aİ-ni digər ölkələrdən gələn gübrələrə idxal rüsumlarının ləğv edilməsi ilə bağlı təkliflər irəli sürməyə çağırıb.