Müəllif: Mehin Qasımova/Banco.az
Avropa Statistika İdarəsi 2023-cü ilin birinci yarısında Aİ üzv ölkələrində yaşayış evlərində istehlak edilən elektrik enerjisi və təbii qaz qiymətləri ilə bağlı məlumatları dərc edib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrində keçən il yaşanan enerji böhranı ilə bu ilin birinci yarısında yaşayış evlərində 100 kilovat-saat elektrik enerjisinə görə ödənilən orta məbləğ 28,9 avroya çatıb və rekord qırıb.
Məlumata görə, 2022-ci ilin birinci yarısında Aİ ölkələrində 100 kilovat-saat elektrik enerjisinə görə 25,3 avro ödənildiyi halda, 2023-cü ilin birinci yarısında bu rəqəm 28,9 avroya çatıb. Bu ilin birinci yarısında Aİ-nin 22 ölkəsində elektrik enerjisinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Üzv ölkələr arasında elektrik enerjisi qiymətlərində ən yüksək artım Hollandiyada müəyyən edilib. Hollandiyada elektrik enerjisi qiymətləri bu ilin birinci yarısında keçən ilin birinci yarısı ilə müqayisədə 953 faiz artıb. Rekord qiymət artımına 2022-ci ildə vergi endirimlərinin dayandırılması və ev təsərrüfatları üçün enerji vergilərinin artırılmasına səbəb olub. Araşdırmaya görə, ölkədə elektrik enerjisinə yüksək qiymət tətbiq olunacaq.
Elektrik enerjisinin qiymət artımına görə Hollandiyanı 88 faizlə Litva, 77 faizlə Rumıniya və 74 faizlə Latviya izləyib. Artım Sloveniyada 38faiz, İsveç və Belçikada 27 faiz, Almaniyada 26 faiz, İtaliyada 21 faiz olub.
Avropa İttifaqına üzv ölkələr arasında elektrik enerjisinə ən çox pul ödəyən ölkə Hollandiya olub. Hollandiyada ev təsərrüfatları 100 kilovat saat elektrik enerjisinə görə 47,5 avro ödəyib. Bu ölkəni 43,5 avro ilə Belçika, 42 avro ilə Rumıniya, 41,2 avro ilə Almaniya, 38,1 avro ilə Danimarka və 37,8 avro ilə İtaliya izləyib.
Ən ucuz elektrik enerjisi Bolqarıstanda satılıb. Bolqarıstanda 100 kilovat-saat elektrik enerjisi üçün 11,4 avro ödənildiyi halda, bu ölkəni 11,6 avro ilə Macarıstan və 12,6 avro ilə Malta izləyir.
Avropa Statistika İdarəsinin məlumatlarına görə, Türkiyədə elektrik qiymətləri bütün AB ölkələrindən aşağı 8,4 avro olaraq təyin olunub.
Bu ilin ilk yarısında AB ölkələrində iqamətgahlarda istifadə edilən təbii qazın hər 100 kilovat-saatı üçün ödənilən orta qiymət 11,9 avro olaraq hesablanıb. Sözügedən qiymət ötən ilin eyni dövründə 8,6 avro olaraq müəyyən edilib. Təbii qaz qiymətləri də tarixi rekord həddə çatıb.
Aİ ölkələri arasında bu dövrdə yaşayış evlərində istehlak edilən təbii qaza görə ən yüksək ödəniş 100 kilovat-saat üçün 24,8 avro ilə Hollandiyada, 21,9 avro ilə İsveçdə, 16,5 avro ilə Danimarkada həyata keçirilib.
Bu dövrdə Aİ-yə üzv ölkələr arasında ən sərfəli təbii qaz istehlakı Macarıstanda olub. Ev təsərrüfatları 100 kilovat-saat təbii qaz üçün Macarıstanda orta hesabla 3,4 avro, Xorvatiyada 4,1 avro, Slovakiyada isə 5,7 avro ödəyib.
Qazın ən çox bahalaşdığı ölkələr 139 faizlə Latviya, 134 faiz Rumıniya, 103 faizlə Avstriya, 99 faizlə Hollandiya, 73 faiz İrlandiya olub.
Türkiyədə təbii qazın qiyməti bütün Aİ ölkələrindən aşağı olmaqla 2,5 avro olaraq müəyyən edilib. Sözügedən məlumatlar AB ölkələrində enerji böhranı səbəbiylə elektrik və təbii qaz qiymətlərinin sürətlə artdığı dövrü əhatə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!