Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) Sudandan qızıl idxalına, eləcə də qızıl hasilatında istifadə olunan civə və siyanidin bu ölkəyə ixracına qadağa tətbiq edib.
Banco.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyanatda məlumat verilib.
Qərara əsasən, Aİ ölkələri Sudanda hasil edilən qızılı almaq, idxal etmək və ya digər yollarla qəbul edə bilməyəcək. Bununla yanaşı, qızıl hasilatında geniş istifadə olunan civə və siyanidin Sudana satışı, tədarükü, ixracı və ya ötürülməsi də qadağan olunub.
Bununla belə, Aİ Şurası bildirib ki, humanitar və səhiyyə məqsədləri üçün civə və siyanidin Sudana göndərilməsinə istisna tətbiq ediləcək.
Aİ hesab edir ki, yeni sanksiyalar Sudandakı silahlı münaqişənin maliyyələşdirilməsini məhdudlaşdırmağa kömək edəcək. Qurumun qiymətləndirməsinə görə, ölkədə davam edən münaqişə əhali üçün ciddi humanitar fəsadlar yaradıb.
